×
Ermənilərin iyulun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədində törətdikləri təxribatı hazırda ayrı-ayrı ölkələrdə dinc nümayişlər keçirən azərbaycanlılara qarşı davam etdirirlər və sözün əsl mənasında, öz terrorçu mahiyyətlərini bir daha ortaya qoyurlar.
Bunu Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu AZƏRTAC-a açıqlamasında deyib.
Deputat bunun bir daha Ermənistanın terrorçu dövlət olmasının, erməni xarici siyasətinin terrorizmə, vandalizmə və faşizmə söykənməsinin bariz göstəricisi olduğunu bildirib. Qeyd edib ki, azərbaycanlıların öz torpaqlarının erməni işğalından azad edilməsini tələb etməsi onların beynəlxalq hüquqla tanınan haqqıdır. Xaricdə yaşayan soydaşlarımızın bunu dinc etiraz və asayişin qorunması çərçivəsində təşkil etmələri də yaşadıqları ölkələrin qanunlarına hörmət və riayət çərçivəsində edilir. Dinc aksiyalar tamamilə hüquqa və özünüifadə azadlığına əsaslanan sivil kütləvi etiraz formasıdır. Ermənilərin isə bu cür dinc və hüquqi aksiyalar zamanı azərbaycanlılara hücumlar etməsi əsl zorakılıq, vandalizm və barbarlıqdır.
“Düşünürəm ki, hərbi təxribata görə Azərbaycan Ordusunun və xalqının Ermənistana verilən layiqli cavabı kimi beynəlxalq təşkilatlar və vandalizm hərəkətləri etdikləri ölkələrin hüquqi sistemi tərəfindən də ermənilər yerində oturdulmalıdır. Əks təqdirdə aydın görünür ki 1970-1980-ci illərdə ASALA, Daşnaksutyun və digər erməni terror təşkilatları tərəfindən müxtəlif ölkələrdə 70-dən çox insanı qətlə yetirmələri, ümumilikdə 22 ölkədə 235-dən çox terror aktı törətmələri, 24 türk diplomatını qətlə yetirmələri, ötən əsrin 20-30–cu illərində Azərbaycanın ictimai-siyasi xadimlərinə qarşı sui-qəsd təşkil etmələri kimi hadisələr yenidən baş verə bilər. Son bir həftə ərzində Azərbaycanın Fransa, Böyük Britaniya, İsveç, Polşa, Avstraliya, ABŞ, Niderland, Belçikadakı diplomatik nümayəndəliklərinə, həmçinin xarici ölkələrdə yaşayan və Ermənistanın iyulun 12-dən başlayaraq növbəti təxribatlarına etiraz məqsədilə aksiya keçirən dinc azərbaycanlılara qarşı radikal erməni qüvvələri tərəfindən son dərəcə aqressiv təxribatçı əməllərə yol verilməsi bunun mümkünlüyünü əsla istisna etmir. Ona görə də ermənilərin bu vandalizminin qarşısı dərhal alnmalıdır”, - deyə “Yeni Azərbaycan” qəzetinin baş redaktoru diqqətə çatdırıb.
Hikmət Babaoğlu vurğulayıb ki, Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasına əsasən diplomatik nümayəndəliklərin hər hansı müdaxilə və zərərdən mühafizəsinin təmin edilməsi, eləcə də diplomata qarşı, onun şəxsiyyətinə, azadlığına və şərəfinə qarşı hər hansı hücumun qarşısının alınması diplomatik nümayəndəliyi qəbul edən ölkənin məsuliyyətindədir. Eyni zamanda, müxtəlif ölkələrdə yaşayan, fəaliyyət göstərən insanların hüquq və azadlıqlarının təmin edilməsi və təhlükəsizliklərinin qorunması da həm beynəlxalq hüquqa həm də yerli qanunvericiliyə görə həmin ölkələrin hüquqi öhdəçiliyinə daxildir.
Deputat fikirlərinin yekunlaşdıraraq qeyd edib ki, dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, azərbaycanlıların beynəlxalq hüququn tələbi kimi erməni işğalına son qoyulması ilə bağlı dinc aksiya keçirmələri dəstəklənməli və onların təhlükəsizliyi təmin edilməlidir.