×
Dəmir gövdəli davul, şimşək, bəm səsli üçbucaq, şahrud, “Qarabağ kamanı”, sevgililər, ərqanun, ay-ulduz, dolça qopuz və neçə-neçə qədim musiqi alətləri... Müasirlərindən fərqlənən belə musiqi alətlərini bərpa etmək, qorumaq və gələcək nəsillərə çatdırmaq missiyasını hazırda Azərbaycan Milli Konservatoriyasının (AMK) nəzdində fəaliyyət göstərən “Milli musiqi alətlərinin təkmilləşdirilməsi və bərpası” elmi-tədqiqat laboratoriyasının rəhbəri Məmmədəli Məmmədov həyata keçirir. O, 14 ildir bu laboratoriyaya rəhbərlik edir.
İsti yay günündə ömrünün yeddi onilliyini arxada qoyan Məmmədəli Məmmədovu iş başında, elə rəhbərlik etdiyi laboratoriyada görmək bizi heç də təəccübləndirmədi. Ona görə ki, o, Azərbaycan Neft və Kimya İnstitutunu bitirib, uzun illər bu sahədə çalışsa da, həyatını bütövlükdə xalq çalğı alətlərinin rekonstruksiyası, bərpası və yeni diapazonlu milli alətlərinin yaradılmasına həsr edib. O, simli musiqi alətlərinin hamısında ifa etməyi bacarır, başdan ayağa musiqi ilə yoğrulub. M.Məmmədovun kolleksiyasında müəlliflik hüququnun ona məxsus olduğunu təsdiqləyən sənədlərə malik (təkmilləşdirilmiş, bərpa edilmiş və yeni yaranan musiqi alətlərinin) 64 adda musiqi aləti var. Alətlərin hər biri Əqli Mülkiyyət Agentliyində qeydiyyatdan keçib. O, üzərində təkmilləşdirmə apardığı 60-dan çox alət barədə mütəmadi olaraq AMK-nın “Konservatoriya” adlı elmi nəşrində, konfranslarda, dünyanın aparıcı jurnallarında, müxtəlif elmi məqalələrinin çapı ilə də məşğul olur...
AZƏRTAC-ın müxbiri “Milli musiqi alətlərinin təkmilləşdirilməsi və bərpası” elmi-tədqiqat laboratoriyasında Məmmədəli Məmmədovun gördüyü işlərlə yaxından tanış olub.
Kamança və tardan ibarət musiqi alətləri ailəsi
Azərbaycan Milli Konservatoriyasının əsas binasının alt mərtəbəsindəki laboratoriyada tanıdığımız musiqi alətləri ilə yanaşı, tanımadığımız çox sayda alətlər vardı. Maraqlı olduğu qədər də çox qəribə idi, hər birinin fərqli səsi, bir-birindən fərqli görkəmi... Burada görülən işlər, qazanılan uğurlar, aparılan tədqiqatlar barədə laboratoriyanın rəhbəri Məmmədəli Məmmədov bizə geniş məlumat verdi.
Neft sənayesi ilə milli musiqi alətlərinə elmi yanaşmada bir fərq görmədiyini söyləyən Məmmədəli müəllim deyir ki, onda bu sənətə unudulmaz müəllimi, akademik Azad Mirzəcanzadənin mühazirələri, apardığı maraqlı müqayisəli yanaşmalar da böyük sevgi yaradıb.
Söhbət əsnasında öyrənirik ki, yaradıldığı 21 il ərzində laboratoriya milli alətlərlə bağlı əsasən 4 istiqamətdə fəaliyyət göstərib:
1.Qədim musiqi alətlərinin bərpası;
2.Təkmilləşdirilməsi, istifadədə olan alətlərin qüsurlarının aradan qaldırılıb təkmilləşdirilməsi;
3.Yeni dövr tələblərinə uyğun gələn yeni alətlərin hazırlanması;
4.Musiqi alətlərimizin dövlət standartlarının hazırlanması.
“Laboratoriyada qarşıya qoyulan başlıca məqsəd Azərbaycan xalq çalğı alətləri orkestrinin səs diapazonunu simfonik orkestrin səs diapazonuna çatdırmaq və milli orkestrimizdə böyük səs diapazonuna malik olan dünyəvi və milli əsərləri ifa etməyin mümkünlüyünə nail olmaqdır”, - deyir həmsöhbətimiz.
Onun sözlərinə gərə, laboratoriyada bütün araşdırma işləri dəqiq elmi hesablamalar və alətlərin ölçü əmsallarının çıxarılması yolu ilə aparılır: “Qədim alətlərin bərpası və təkmilləşməsi işi əlbəttə ki, qədim risalələr, yazılı və şifahi mənbələrin öyrənilməsinə əsaslanır. Alətlərin təkcə görkəmi deyil, həmçinin tembrinin orijinala yaxın olmasına, eləcə də, alətin dinləyicidə oyada biləcəyi emosional təsirinin də müvafiq olmasına cəhd edilir”.
Mövcud alətlərin təkmilləşməsi prosesi bu gün artıq alət ailələrinin yaradılması işini də gündəmə gətirdi. Bəm və zil registrin bütün diapazonunu əhatə edən alət ailələrinin yaranması və xalq çalğı alətləri orkestrinin tərkibinə daxil edilməsi sayəsində orkestrin səslənməsini simfonik orkestr səviyyəsinə çatdırmaq nəzərdə tutulub.
Məmmədəli müəllimin və laboratoriya əməkdaşlarının birgə səyi nəticəsində artıq tar, kamança, saz və balaban alət ailələri ifaçılıq praktikasında geniş istifadə edilir. İlk dəfə olaraq kamança və tardan ibarət musiqi alətləri ailəsi yaradılıb. 2004-cü ildə kamança musiqi alətinin “bəm kaman” növü və qədim musiqi alətimiz olan balabanın bas, tenor və pikkolo variantları hazırlanıb. İdeya müəllifi Xalq artisti Siyavuş Kərimi olan həmin alətlərin Azərbaycan Bəstəkarlar İttifaqında təqdimatı keçirilib.
Onun sözlərinə görə, yaranan, yaxud təkmilləşən hər yeni alət laboratoriyada AMK-nın pedaqoji kollektivi, mötəbər ifaçılar tərəfindən sınaqdan keçirilir və ifa xüsusiyyətlərinə görə rəy bildirilir.
“Milli musiqi alətlərinin təkmilləşdirilməsi və bərpası” elmi-tədqiqat laboratoriyasının əməkdaşları elmi araşdırmalarla məşğul olur, müxtəlif konfrans və simpoziumlarda daim iştirak edir, tədqiqat işləri aparır, xalq çalğı alətlərinin rekonstruksiyası, bərpası, yeni diapazonlu milli alətlərin yaranması sahəsi ilə ciddi maraqlanırlar. Dünyanın ən aparıcı jurnallarında elmi məqalələrlə çıxış edirlər. Laboratoriyada görülən işlər gənc tədqiqatçıların da diqqət mərkəzindədir”, - deyir laboratoriya rəhbəri.
Sevgililər, dördkünc balaban, yaylı qopuz...
Bu gün laboratoriyaya daha çox populyar olan milli musiqi alətlərinin təmiri, təkmilləşməsi və digər problemlərinin həlli ilə bağlı müraciətlərin olduğunu söyləyən Məmmədəli müəllim bunun səbəbini belə izah edir: “Çünki işlək milli musiqi alətlərimiz bu gün tar, kamança, zurna, balaban, nağaradır. Bu səbəbdən də həmin alətlərin problemləri ilə bağlı müraciətlər daha çox olur”.
O, Azərbaycan Milli Konservatoriyasında müəllimləri, tanınmış ifaçılar, Xalq artistləri Möhlət Müslümov, Ağasəlim Abdullayev, Fəxrəddin Dadaşov, elə də gənc ifaçılardan da təkliflər aldıqlarını bildirir.
Öyrənirik ki, laboratoriyada yeni musiqi alətlərinin yaranması və təkmilləşməsi daha böyük vüsət alıb. Çəng, kamança, tar, davul, santur, qanun, balaban M.Məmmədov tərəfindən təkmilləşdirilib. Bunlarla yanaşı, o, həm də yeni musiqi alətlərini yaradıb.
Udmən, Azərbaycan santuru, dördkünc balaban, dördkünc davul, Qarabağ kamanı, meydan nağara, bas kamança, iki kameralı kamança, kontur kamança, bəm kamança, zil-bəm kamança, dəf kaman, bas tar, kontur tar, qopuz, yaylı qopuz, bərpa olunmuş yaylı rübab, əsa, həsa, xromatik qanun, irs, ud-mən, ay-ulduz, sevgililər, zil-bəm kamança, yaylı bəm tar, şimşək, qoşaçanaq bas kamança, cütçanaq kamança və s. laboratoriyada yeni yaranan musiqi alətləri sırasına daxildir.
Onun sözlərinə görə, mövcud alətlərin yeni elektron versiyaları da tamam yeni tembr səsləndirdiyinə görə artıq yeni alət kimi qəbul edilir (Məsələn, elektro akkord tar, “Azərbaycan” elektro musiqi aləti, Ay kaman (elektro kamança), elektro silindr kamança, Rəmiş elektro musiqi aləti kimi).
Həmsöhbətimin sözlərinə görə, yeni musiqi alətlərinə adların seçilməsi çox maraqlı nüanslardan biridir. Bu alətlərə ad seçərkən onların səslənməsinə və klassik ədəbiyyatdan gələn tarixi ənənələrə xüsusi diqqət yetirilir: “Yeni musiqi alətlərinə adları özüm versəm də, hər zaman tanınmış ifaçılar və musiqişünaslarla məsləhətləşirəm”.
Məmmədəli müəllim onu da deyir ki, Azərbaycan tarixində ilk dəfə kontr səsli, bas səsli Azərbaycan milli musiqi alətlərinin kök sisteminə uyğun olaraq onların menzurasını (ölçüsünü) təyin edib.
Səs diapazonu 7 oktava olan milli alətlərdən ibarət “Əsrlərin sədası”
Onun ən böyük arzusu səs diapazonu 7 oktava olan Azərbaycan xalq çalğı alətləri ansamblının yaradılması olub. Demək olar ki, o, bu arzusuna çatıb. Amma qarşıda hələ də bu ansamblla bağlı görüləcək işlər var.
“Yaratdığımız orkestrin Azərbaycan musiqi tarixində bənzəri yoxdur. Ona görə ki, ansamblın səs diapazonunu yeddi oktavaya çatdırmışıq. Dünya bəstəkarları da bu diapazona görə əsərlər yazırlar. Bu ansamblı yaradarkən Heydər Əliyev Fondu bizə dörd bəstəkar ayırdı. O bəstəkarlar “Əsrlərin sədası” ansamblı üçün əsərlər yazdı. Ansambl ilk dəfə Heydər Əliyev Mərkəzində Nəsiminin 650 illiyinə həsr olunmuş möhtəşəm tədbirin həm açılış, həm də bağlanış mərasimində çıxış etdi və rəğbətlə qarşılandı. Bu, Azərbaycan milli musiqi alətlərinin, eləcə də xalq çalğı alətlərinin inkişafında çox böyük yenilik idi. Ansambl üzvlərinin ifa etdiyi alətlərin hamısı millidir”.
Məmmədəli müəllimin sözlərinə görə, ən böyük istəyi “Əsrlərin sədası” ansamblına dövlət statusunun verilməsidir. O, bunun üçün müvafiq qurumlara müraciət etdiyini və yaxın vaxtlarda bu məsələnin müsbət həll olunacağına inamını ifadə edir. “Əgər qısa vaxtda “Əsrlərin sədası” ansamblına dövlət statusu verilməzsə, min bir əziyyətlə gördüyümüz bu iş nəticəsiz qalar və kollektiv dağılar”.
Hazırda ansamblın 22 üzvü olduğunu söyləyən həmsöhbətim deyir ki, “Əsrlərin sədası” Azərbaycanı təqdim edir: “Avropada yaylı rübabla, kontur rübabla çıxış etsək bizi daha çox alqışlayar və sevərlər...”.