×
Artıq 68 ildir ki, bu evdə onun nəfəsi duyulmur, həniri gəlmir. Nə yazı masasında yazı yazan var, nə sazını kökləyən, nə ov tüfəngini təmizləyən, nə də buxara papağı başına qoyan. Elə evindəki saat da onunla eyni vaxtda dayanıb. Özü olmasa da, çox şey qoyub getdiyi kimidir. Onsuz onu yaşatmaq, onun xatirəsini bu evdə əbədi anmaq üçün hər şey o illərdəki kimi öz yerindədir. Elə ailə üzvləri də o vaxtlardakı kimi “birlikdədir”. Demək olar, hərə öz otağına çəkilərək əbədi sükuta dalıb. Bu evdə iki Xalq şairi, bir Xalq yazıçısı “yaşayır”. Ata Səməd Vurğun və övladları Yusif Səmədoğlu və Vaqif Səmədoğlu. Biz də onları ziyarətə gəldik...
AZƏRTAC Səməd Vurğunun ev-muzeyindən hazırladığı reportajı təqdim edir.
Səməd Vurğunun ev-muzeyi Azərbaycanda yazıçı və bəstəkarların xatirəsini əbədiləşdirmək üçün yaradılmış ilk memorial muzeydir. Muzey XIX əsrdə inşa edilmiş yaşayış binasının üçüncü mərtəbəsində yerləşir. Səməd Vurğun ömrünün son iki ilini bu mənzildə yaşayıb, gərgin yaradıcılıq və ictimai fəaliyyətlə məşğul olub.
Respublika hökumətinin qərarı ilə 1974-cü ildə təşkil edilən ev-muzeyinin 1975-ci il oktyabrın 6-da təntənəli açılışı olub.
Muzey altı otaqdan ibarətdir. Şairin iş otağı, qonaq otağı və yataq otağı onun sağlığında olduğu kimi saxlanılıb. Digər üç otaqda isə Səməd Vurğunun həyat və yaradıcılığının, ictimai fəaliyyətinin, xatirəsinin əbədiləşdirilməsini əks etdirən ekspozisiya yaradılıb. Muzeyin ekspozisiya otaqlarından biri şairin övladları Yusif Səmədoğlu və Vaqif Səmədoğluya həsr olunub.
Qürbət eldə can vermərəm ölümə!...
Muzeyin bələdçisi Könül Cəbiyeva deyir ki, ötən müddətdə muzeyin fondu xeyli zənginləşib, yeni ekspozisiya bölmələri yaradılıb, şairin həyat və yaradıcılığı ilə bağlı gərgin araşdırmalar aparılıb. Onun sözlərinə görə, hazırda muzeydəki eksponatların ümumi sayı 17 mindən artıqdır.
Qazax rayonunun Yuxarı Salahlı kəndində dünyaya göz açan Səməd Vurğun böyük və tanınmış bir nəslin nümayəndəsidir. Muzeyin girişində Vəkilovların nəsil şəcərəsi diqqət çəkir. Bu nəslin azı 400 illik tarixi məlumdur. Burada, eyni zamanda, şairin paltosu, papağı, əsası və son səfəri zamanı çəkilmiş şəkli yer alıb.
Bu şəklin özünəməxsus tarixi var. Belə ki, 1955-ci ilin oktyabrında Vyetnam Demokratik Respublikasına gedən Səməd Vurğun yolüstü Pekində olur və orada möhkəm xəstələnir. Pekindəki “Qırmızı xaç” xəstəxanasında üç həftə müalicə olunduqdan sonra geri qayıdır. Oktyabrın 31-də Səməd Vurğun Pekin şəhərindən ailəsinə göndərdiyi məktubda yazırdı: “... mən noyabrın 10-na kimi Çində qalıb, sonra qatarla (8 günlük yol) Moskvaya qayıdacağam”.
Moskvadan qayıdarkən onu bir mühəndis tanıyır və şəklini çəkir. Bir müddət sonra həmin mühəndis şəkli göndərəndə artıq şair həyatda yox idi. Yəni özü bu şəkli görməyib.
O, bu misraları da Pekin xəstəxanasında yazıb:
Vaxtsız əcəl, məndən uzaq dayan, dur,
Qürbət eldə can vermərəm ölümə!...
Biz gəldi-gedərik, sən yaşa, dünya!
Gəlimli-gedimli, son ucu ölümlü dünyada sözün diri qalacağını hamıdan yaxşı dərk edən şair ona görə də yaşadığı yarım əsrlik zaman içərisində sözə tapındı, özünü onda tapdı. Biz bunu onun iş otağında olarkən bir daha anladıq. Burda hər şey sadə, hər şey adidir. Yazı stolu, stullar, kitablarla dolu şkaflar... Yazı stolunun üstündə şairin son əlyazmaları, ömür vəfa etmədiyi üçün çəkə bilmədiyi papirosları, avtoqələmi, həyat yoldaşı ilə övladlarının birgə çəkdirdikləri foto və şairin ən çox sevdiyi bənövşə gülünün rəmzi kimi kiçik səbətdə süni bənövşə...
Könül xanım bənövşələrin xüsusi mənası olduğunu deyir: “Demək olar ki, evin hər bir otağında xüsusi qablarda bənövşələr qoyulub. Səməd Vurğun bu gülləri xüsusi olaraq sevirmiş”.
Bu otaqda olarkən xəyalən insan o illərə ekskursiya etmək istəyir. Bu yazı stolunun arxasında yazılan "Vaqif", "Fərhad və Şirin", "İnsan", "Aygün" və bir çox başqa sənət incilərini xatırlayır. Düşünürsən görəsən, şair bu əsərləri yazmaq üçün neçə gecəsini gündüzə qatıb, nə qədər yuxusuz gecələr keçirib. Onun ömür-gün yoldaşı Xavər xanım xatirələrində yazır ki, Səməd Vurğun heç vaxt masa arxasına ev paltarında əyləşməzdi, onu burda ancaq rəsmi geyimdə görmək olardı.
Stolun üstündə Ukrayna şairi Maksim Rılskinin hədiyyəsi olan bəzək qutusu, işıq lampası, telefon aparatı da var. Divardan Səməd Vurğun və Xavər xanımın fotoşəkilləri və şairin naturadan çəkilmiş portreti asılıb. Kitab şkaflarında onun şəxsi kitablarından nümunələr var.
Şairin iş otağında onun ovçuluğa olan həvəsi bir guşədə öz əksini tapıb. Guşəyə şairin Bolqarıstandan aldığı kürk, qaragül papağı, dostu Konstantin Simonovun hədiyyəsi olan gödəkcə, ov tüfəngi və saz qoyulub.
Buradakı radioqəbuledici isə Səməd Vurğunun həyatında mühüm yer tutur. 1956-cı ildə şairin 50 illik yubileyi qeyd olunur. Xəstə olduğundan şair tədbirə qatıla bilmir. Şair tədbiri bu radioqəbuledici vasitəsilə dinləyir. Bu gün o radio da şairin iş otağında saxlanılır.
Buradakı kitab şkafının üstündə Səməd Quluzadənin hazırladığı Neft buruğu maketi də var. Bu maket Azərbaycan neftçiləri tərəfindən şairə 50 illik yubileyi münasibətilə hədiyyə edilib.