×
Dekabrın 14-də Paşa Bank və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə "Dağ mədən sənayesinin inkişafı, islahatlar və maliyyə mexanizmləri" mövzusunda təbdir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin sədri Samir Qurbanov tədbirin proqramı barədə məlumat verib.
PAŞA Bankın İdarə Heyətinin sədri Taleh Kazımov on bir ayın nəticəsinə görə dağ-mədən sənayesində müştərilərinin dövriyyəsinin 3 milyard manata çatdığını və bank qarşısında öhdəliklərin 700 milyonu manatı ötdüyünü bildirib. "Biz dağ mədən sektoruna maraqlıyıq və həmin sektora bir maliyyə institutu kimi dəstək olmağa hazırıq", - deyə T.Kazımov qeyd edib.
"Dağ-mədən sektorunda aparılan islahatlar və sahənin inkişaf perspektivləri" mövzusunda çıxış edən ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev qeyd edib ki, dağ-mədən sektorunda azad rəqabət mühitinin formalaşdırılması və şəffaflığın təmin edilməsi üçün bu ildən etibarən yerin təkinin istifadəyə verilməsi hərraclar vasitəsilə həyata keçirilir. Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi, Əmlak Məsələləri Dövlət Xidməti ilə birgə 16 yataq sahəsində 40 Lot üzrə hərrac keçirilərək yer təki sahələri istifadəyə verilib. İlin sonuna qədər daha 29 Lot üzrə hərracın keçirilməsi nəzərdə tutulur. 2022-ci ildən etibarən işğaldan azad olunan bölgələr də daxil olmaqla hərracların keçirilməsi əsas prioritetlərdən olacaq.
Nazir bildirib ki, sahibkarlara dəstək olmaq məqsədilə agentlik tərəfindən keçirilmiş hərraclarda qalib olmuş şirkətlərə İqtisadiyyat Nazirliyinin Sahibkarla Kömək Fondunun dəstəyi ilə Paşa Bank ASC tərəfindən aşağı faizlə kreditlər verilib. Bununla əlaqədar digər sahibkarlıq subyektləri tərəfindən banka müraciətlər çoxalıb. Həmçinin bank tərəfindən dağ-mədən sektorunda müasir avadanlıqların və texnologiyanın tətbiq olunması ilə əlaqədar yeni maliyyələşmə mexanizmləri təklif olunur.
M.Babayevin sözlərinə görə, eyni zamanda, yeni ildən etibarən mədən tullantılarının və təbii resursların səmərəli idarə olunması istiqamətində önəmli qərarlar qəbul edilərək sahibkarlara məlumat veriləcək. Mədən sənayesində tam şəffaflığın təmin edilməsi və sahibkarlar tərəfindən bütün əməliyyatların elektron formatda yerinə yetirilməsi məqsədilə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən "elektron qeydiyyat və nəzarət sistemi platforması" qısa müddətdə istifadəyə veriləcək. Əsas məqsəd platforma vasitəsilə vaxt itkisi olmadan elektron formada müraciətlərin, hesabatların və icazə sənədlərinin verilməsi və hər bir istismarçının şəxsi kabineti vasitəsilə əməliyyatların cari vəziyyətinin izlənilməsini təmin etməkdir.
"Yerin təki haqqında qanunvericiliyin təkmilləşdirilməsi və bu sahədə vahid inzibatçılıq mexanizmlərinin təmin edilməsi" mövzusunda çıxış edən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli yerin təki istifadəçilərinə əlverişli şəraitin və investisiya mühitinin yaradılması ilə bağlı bu il vergi qanunvericiliyinə bir sıra dəyişikliklər edildiyini diqqətə çatdırıb: "Bildiyiniz kimi, bu günlərdə Milli Məclis Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı Qanunu qəbul edib. Həmin qanunda dağ-mədən sektorunda yerin təki istifadəçiləri ilə bağlı da bir sıra dəyişikliklər nəzərə alınıb. Belə ki, investorlar üçün vergi və maliyyə yükünü azaldılması, sektorda investisiya mühitinin cəlbediciliyinin artırılması, habelə hasilat sənayesi iştirakçılarına vergi dəstəyinin verilməsi ilə bağlı qanunvericiliyə müvafiq dəyişikliklər təklif edilib və müvafiq razılaşdırmalardan keçərək qəbul olunub.
Belə ki, dəyişiklikliyə əsasən, geoloji ayırma sənədi əsasında faydalı qazıntı yataqlarının - neft və qaz yataqları istisna olmaqla - axtarışı, qiymətləndirilməsi və kəşfiyyatı işlərinə cəlb edilən torpaq sahələrinə görə torpaq vergisi müvafiq təsdiqedici sənədlər əsasında 75 faiz azaldılacaq. Bu da investorlar üçün vergi və maliyyə yükünün azaldılması ilə gələcək hasilatadək xərclərin optimallaşdırılması imkanı yaratmış olacaq.
Hazırkı dövrdə hasilat sənayesi üçün əlverişli olan işğaldan azad olunmuş ərazilərə investisiyaların cəlbi nəzərdə tutulur ki, bu zaman həmin güzəştlər investorların maraqlarına xidmət edən təşviq aləti kimi çıxış edəcək.
Qanunvericiliyə edilmiş digər bir dəyişiklik neft və qaz istisna olmaqla, digər faydalı qazıntılara görə vergi ödəyicisi tərəfindən təqvim ili üzrə hesablanmış mədən vergisinin məbləğinin həmin faydalı qazıntıların çıxarıldığı torpaq sahələrinə görə hesablanmış və ödənilmiş torpaq vergisinin məbləğindən çox olmamaqla azaldılmasıdır.
Bununla da filiz və qeyri-filiz faydalı qazıntılar hasil edən vergi ödəyiciləri real sektorun iştirakçıları olduğundan, habelə tikinti sektorunda və sement istehsalı sahəsində xüsusi əhəmiyyət daşıdığından, bu sahədə fəaliyyət göstərən vergi ödəyicilərinin xərclərinin vergi yolu ilə optimallaşdırılmasına və maya dəyərinin azaldılmasına xidmət edəcək.
Eyni zamanda, növbəti il üçün Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə yerli əhəmiyyətli tikinti materialları yəni kərpic-kiramid gilləri, tikinti qumları, çınqıl xammalı üzrə bələdiyyə büdcəsinə ödənilən mədən vergisinin dövlət vergilərinə aid edilməsi nəzərdə tutulur".
"Dağ-mədən sektorunun inkişafında “AzerGold” QSC-nin rolu" mövzusunda çıxış edən “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimovun sözlərinə görə, zəngin təbii resurslardan səmərəli istifadə edərək, onları sosial rifaha, iqtisadi inkişafa çevirmək, metallurgiya sahələrinin modernləşdirilməsinə töhfə vermək rəhbərlik etdiyi qurumun fəaliyyətinin əsas qayəsini təşkil edir. Həmin məqsədlə “AzerGold” QSC fəaliyyət dövrü ərzində 285 min unsiya qızıl, 560 min unsiya gümüşün ixracına nail olub. Bu illər ərzində qiymətli metalların satışından ölkə iqtisadiyyatına 755 milyon manat cəlb edilib. 5 il ərzində vergi və sosial ödənişlər qismində dövlət büdcəsinə 72.2 milyon manat məbləğində vəsait ödənilib. Fəaliyyətə başladığı dövrdən mənfəətlə çalışan Səhmdar Cəmiyyətin audit olunmuş maliyyə hesabatına əsasən ötənilki xalis mənfəəti 82 milyon manat təşkil edib. Qarşıya qoyulan illik hasilat, ixrac və satış hədəflərinin təmin olunması başa vurmaqda olduğumuz 2021-ci ildə də müsbət tendensiyanın qorunub saxlanılacağına əsaslar yaradır.
"Hazırda Cəmiyyətimiz “Çovdar”, “Ağyoxuş 1” və “Mərəh” qızıl yataqlarında hasilat aparır. Paralel olaraq bir neçə yatağın yaxın illərdə istismara verilməsi üçün müvafiq işlər görülür. Belə ki, hasilat işləri ilə yanaşı, ehtiyatların artırılması istiqamətində intensiv kəşfiyyat və tədqiqat işləri demək olar ki, fasiləsiz davam etdirilir. Fəaliyyət dövrü ərzində 222 min metrə yaxın buruqqazma işləri həyata keçirilib. Cəmiyyət tərəfindən reallaşdırılan müvafiq tədqiqatlar nəticəsində istismarına hazırlıq görülən yataqların əlvan metal resursları qəbul edilmiş beynəlxalq standartlara əsasən, qızıl ekvivalentində unsiya olaraq 179 min unsiyadan 4 milyon 447 min unsiyaya qədər, ümumilikdə 24 dəfə artırılıb", - deyə Z.İbrahimov qeyd edib.
"Dağ-mədən sektorunda kiçik və orta sahibkarlığın inkişafı" mövzusunda çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədr müavini Samir Hümbətov KOBİA-ya daxil olmuş müraciətlər, keçirilmiş sorğu və görüşlər əsasında tikinti sektorunun əsas problemlərinin təsnifatlaşdırıldığını, onların öyrənilməsi, bu sahədə müvafiq işlərin görülməsi məqsədilə aidiyyəti qurumların, Qum, Çınqıl və Daş İstehsalçıları Assosiasiyasının və KOBİA nümayəndələrindən ibarət yanında İşçi qrupu yaradıldığını qeyd edib: "İşçi qrupu tərəfindən ölkə üzrə fəaliyyət göstərən karxanalarda monitorinqlərin təşkil edilməsi, sahibkarlıq subyektləri ilə görüşlərin keçirilməsi və müvafiq hesabatın hazırlanması nəzərdə tutulur".
Tədbir təqdimat və panel müzakirələrlə davam edib.