Beynəlxalq Prokurorlar Assosiasiyası (BPA) ilə Azərbaycanın Baş Prokurorluğu arasında sıx əməkdaşlıq mövcuddur. Bu əməkdaşlıq beynəlxalq səviyyədədir.
×
Beynəlxalq Prokurorlar Assosiasiyası (BPA) ilə Azərbaycanın Baş Prokurorluğu arasında sıx əməkdaşlıq mövcuddur. Bu əməkdaşlıq beynəlxalq səviyyədədir. Əməkdaşlığımız bəzi konkret sahələri, o cümlədən cinayətkarlığın müxtəlif növlərinə qarşı mübarizə tədbirlərinin aparılmasını əhatə edir. Azərbaycanın Baş prokuroru Kamran Əliyev beynəlxalq əməkdaşlıq çərçivəsində korrupsiya ilə mübarizədə özünü öndər şəxs kimi göstərib. Biz onu korrupsiyaya qarşı mübarizədə lider kimi qəbul edirik.
AZƏRTAC xəbər verir ki, bunu noyabrın 1-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin Baş prokurorlarının ilk iclasından sonra keçirilən mətbuat konfransında Beynəlxalq Prokurorlar Assosiasiyasının prezidenti Çol-Kyu Hvan deyib.
Azərbaycanın BPA-nın işinə verdiyi önəmli töhfələri və onun fəaliyyətində göstərdiyi təşəbbüskarlığı və fəal dəstəyini xüsusi vurğulayan Çol-Kyu Hvan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin Baş prokurorlarının ilk iclasında müxtəlif məsələlərlə bağlı faydalı fikir mübadiləsinin aparıldığını və əldə edilən nailiyyətlərin müzakirə olunduğunu bildirib.
Assosiasiyanın prezidenti qeyd edib ki, 2024-cü ildə Azərbaycanda Beynəlxalq Prokurorlar Assosiasiyasının növbəti konfransı keçiriləcək. Bu qarşılıqlı etimad yaratmaq üçün olduqca gözəl imkandır. Həmin konfransda Azərbaycan Respublikasının prokurorları müxtəlif ölkələrdən olan həmkarları ilə müzakirələr aparacaqlar. Konfransda kibercinayətkarlıq, terrorçuluq, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə məsələləri müzakirə olunacaq və bu sahədə əməkdaşlıq imkanları nəzərdən keçiriləcək.