Sentyabrın 12-də Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu tərəfindən orta məktəblərin 6-11-ci sinif şagirdləri üçün hazırlanmış coğrafiya atlasının təqdimatı olub.
×
Sentyabrın 12-də Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu tərəfindən orta məktəblərin 6-11-ci sinif şagirdləri üçün hazırlanmış coğrafiya atlasının təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın ümumtəhsil məktəblərində fənn tədrisinin keyfiyyətini artırmaq məqsədilə dərsliklərin mütəmadi olaraq yenilənməsi, daha zəngin məlumatlarla təchiz edilməsi və yenidən nəşrinin əhəmiyyəti diqqətə çatdırılıb. Bildirilib ki, coğrafiya dərsində istifadə olunan dərsliklərlə yanaşı, əlavə materialların, xəritələrin və məlumat kitablarının hazırlanması da vacibdir. Bu vəsaitlər müəyyən mövzuların öyrənilməsində əsas informasiya mənbəyi kimi çıxış edir. Bu gün dünyanın əksər regionlarında, o cümlədən Azərbaycanda baş verən sosial-demoqrafik, ictimai-siyasi və iqtisadi proseslərin xəritələrdə əks etdirilməsi önəmlidir. Siyasi, həmçinin siyasi-inzibati xəritələrdə olan dəyişikliklər, coğrafi adların yenilənməsi və iqtisadi inkişafdakı irəliləyişlərin bu materiallarda əks olunması tədris prosesinin daha effektiv aparılmasına kömək edir.