AMEA Yer Elmləri Bölməsi və akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Elmi şuralarının birgə iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda Yer Elmləri Bölməsinin akademik-katibi akademik Fəxrəddin Qədirov gündəlikdə duran məsələlər barədə məlumat verib.
×
AMEA Yer Elmləri Bölməsi və akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Elmi şuralarının birgə iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda Yer Elmləri Bölməsinin akademik-katibi akademik Fəxrəddin Qədirov gündəlikdə duran məsələlər barədə məlumat verib.
Sonra Coğrafiya İnstitutunun baş direktor vəzifəsini icra edən coğrafiya elmləri doktoru Zakir Eminov müəssisənin 2021-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti ilə bağlı hesabat məruzəsi ilə çıxış edib.
Z.Eminov Azərbaycan Respublikası Prezidentinin, Nazirlər Kabinetinin müvafiq fərman, qərar və sərəncamları, eləcə də dövlət proqramlarının icrası ilə əlaqədar tapşırılmış işlərin yerinə yetirilməsi istiqamətində Coğrafiya İnstitutu əməkdaşlarının gördüyü işlər barədə məlumat verib. O, AMEA Rəyasət Heyəti tərəfindən verilmiş qərarların, nəzərdə tutulmuş tədbirlərin icrası ilə əlaqədar institutun həyata keçirdiyi işlərdən söz açıb. Z.Eminov cari ilin tədqiqat işlərinin 2 problem - Azərbaycan təbiətinin inkişaf qanunauyğunluqlarının, təbii ehtiyatların və onların ekocoğrafi xüsusiyyətlərinin tədqiqi, istehsalın, sosial infrastrukturun və əhalinin ərazi təşkilinin iqtisadi–coğrafi və siyasi problemləri və Xəzər dənizi ekosisteminin kompleks tədqiqi əsasında aparıldığını diqqətə çatdırıb. O bildirib ki, 2021-ci ildə İnstitutun elmi-tədqiqat planına müvafiq olaraq əməkdaşlar tərəfindən yerinə yetirilən 15 mövzu, 19 iş və 20 mərhələ başa çatdırılıb.
Qeyd olunub ki, il ərzində Coğrafiya İnstitutunda 2 jurnal, 10 monoqrafiya, 2 dərslik, 1 dərs vəsaiti və 12 fənn proqramı, 116 məqalə (6-sı “Web of Science”, 3-ü “Scopus” elmi bazalarında indeksləşən jurnallara daxildir) və 4 tezis nəşr edilib. Z.Eminov, həmçinin alınmış mühüm nəticələr, fundamental elmlə təhsilin qarşılıqlı əlaqəsi, beynəlxalq əlaqələr və qrant layihələri, ezamiyyətlər, ekspedisiyalar və çöl tədqiqat işləri, elektron elmin vəziyyəti, nəşr fəaliyyəti, konfranslar, sessiyalar, seminarlar, yubileylər və digər görülmüş işlər barədə məlumat verib.