Azərbaycanda mənə çox dəstək olublar. Buna görə, xalqıma minnətdaram. Onların sayəsində dünya reytinqində bir nömrəyəm.
×
Azərbaycanda mənə çox dəstək olublar. Buna görə, xalqıma minnətdaram. Onların sayəsində dünya reytinqində bir nömrəyəm. Uğur qazanmağa davam edəcəyəm.
AZƏRTAC xəbər verir ki, bunu “One Championship” turnirinin qalibi, Belarusda yaşayan azərbaycanlı kikboksçu Çingiz Allazov Bakıda təşkil edilən mətbuat konfransında deyib.
Çingiz Allazov “One Championship”dən başqa təşkilata keçid etməyi düşünmədiyini söyləyərək deyib: “Mənim çəki dərəcəmdəki “Top-5” idmançıların hamısı “One Championship”də çıxış edir. Qarşıda Sittiçay Sitsonqpinonq, Marat Qriqoryan və ya Giorgio Petrosyanya döyüşə bilərəm. İndi titulu qorumaq lazımdır. Sinqa Mavini ən yaxşı formasında məğlub etdim. Amma bununla kifayətlənmək istəmirəm. Məşqlərimizi davam etdirəcəyik. Hazırda Xəyal Canıyev MMA-dadır, mən orada lazım deyiləm. Çox idmançı MMA-ya pula görə gedir. Amma Xəyal ürəklə döyüşür. Açığı, mənim MMA-ya marağım yoxdur. MMA populyar olsa da, mənim üzv olduğum təşkilat - “One Championship” daha güclüdür. Bu növdə çıxışıma görə hamı məni tanıyır. Bütün diqqətimi kikboksinqə yönəltmişəm”.
Kikboksçu Azərbaycanda bu idman növünün hazırki səviyyəsini şərh edərkən deyib: “Kikboksinq və MMA-da mərhələlər fərqlidir. Buradan çıxan idmançılarımız çoxdur. Kikboksinqlə bağlı çox söhbət etmək olar. Dünya üzrə tanınmış idmançılarımız var. Alim Nəbiyev, Xəyal Canıyev, Pərviz Abdullayev kimi idmançıların adlarını vurğulaya bilərəm. İdmançılarımızı “Top” yarışlara hazırlamaq lazımdır. Azərbaycanda uşaqları kikboksinqə cəlb etmək vacibdir, federasiyanın da buna dəstəyi mütləqdir. Peşəkar idmançılar K-1-də döyüşmək üçün başqa ölkələrdə yaşamalıdırlar. Biz Tailandda, Niderlandda toplanış keçirik. Mənim imkanım olsa Bakıda döyüşərəm. Amma müqaviləmə görə, hələ bunu edə bilmirəm. Yenə də kiçik idmançılarımıza nə dəstək lazımdırsa, mən daim hazıram. Belarusdakı zallarımızda da gəlib hazırlaşa bilərlər. İyirmi doqquz ildir Belarusda yaşasam da, Vətənim Azərbaycandır”.
Azərbaycan vətəndaşlığı ilə bağlı verilən suala idmançının cavabı qürurlu olub. Bildirib ki, uşaqlıqdan Belarusda yaşayıram. Amma Azərbaycan vətəndaşlığını almaq istəyirəm. Azərbaycanda yaşamaq planım var. Bakıda evim də var. Belarusda hər il festival təşkil edirik, 2 min uşaq iştirak edir. Azərbaycanda da belə layihələr təşkil etmək istəyirəm. Burada yaşasaq, federasiya ilə birləşər, böyük layihələr həyata keçirə bilərik. Bunun sayəsində uşaqlarımız böyük turnirlərə də hazır olarlar. İrəli getmək üçün hər şeyi etmək lazımdır