Uzun müddət futboldan kənarda olsam da, qayıdan kimi, bütün gücümlə çalışmağa başlamışam. Futbol üçün çox darıxıram.
×
Uzun müddət futboldan kənarda olsam da, qayıdan kimi, bütün gücümlə çalışmağa başlamışam. Futbol üçün çox darıxıram. Futbolçular da futbolsuz qalanda onlarda problem yaranır. Əminəm ki, siz də darıxmısınız. Arzu edirəm ki, bu qəribə vəziyyət tezliklə bitsin.
AZƏRTAC xəbər verir ki, bu sözləri UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda Lüksemburq ilə qarşılaşacaq Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi sentyabrın 4-də keçirilən mətbuat konfransında deyib.
İtaliyalı mütəxəssis bildirib ki, Azərbaycan millisi mənim üçün yeni çağırış, stimuldur. Dekabrda İtaliyada A seriyasının bir klubunun təklifini rədd etdim. Azərbaycan variantı daha maraqlı oldu. Burada böyük nailiyyətə imza atmaq istəyirəm.
“26 gün əvvəl Bakıya gəlmişik, köməkçilərimlə gündə 18 saat işləmişik. Futbolçuları, mentaliteti, buranın insanlarını tanımağa çalışmışıq. Bu müddətdə 12 məşqimiz olub. Bütün milli komandalar kimi, normal ritmdə çalışmışıq. Futbolçulara inandırmağa çalışmışıq ki, həyatda nəyəsə nail olmaq üçün çox çalışmaq lazımdır. Qrupda reytinqə görə 4-cü komandayıq. Sabah uğurlu nəticə üçün çalışacağıq”, - deyə baş məşqçi deyib.
Qeyd edək ki, sentyabrın 5-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan-Lüksemburq matçı saat 20:00-da başlayacaq.