Yazın erkən vaxtı ağac əkmək, torpağa fidan basdırmaq ata-babadan müqəddəs iş sayılıb. Təbiətin oyanan vaxtı belə xeyirxah bir aksiyanın keçirilməsi tamamilə təbiidir.
×
Yazın erkən vaxtı ağac əkmək, torpağa fidan basdırmaq ata-babadan müqəddəs iş sayılıb. Təbiətin oyanan vaxtı belə xeyirxah bir aksiyanın keçirilməsi tamamilə təbiidir. Bugünkü tədbir həm də Ramazan ayının ilk gününə təsadüf edir. Ona görə bu aksiyada iştirak edən könüllülər ikiqat həvəs və coşqu ilə işləyirlər.
AZƏRTAC xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Maarifləndirmə və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova Müşviqabadda keçirilən ağacəkmə aksiyası zamanı deyib.
O, daha sonra əlavə edib: “İlin elə mövsümüdür ki, torpağa düşən hər toxum, hər şitil barlı məhsula çevrilir. Bu gün əkilən tinglər, torpağın sinəsinə basdırılan fidanlar da boy atıb yaşıl çətirə, bu yerlərə gözəllik gətirən meşə və parka çevriləcək. Builki “Yaşıl marafon” aksiyasında Abşeron yarımadasında yaşıl dəhlizlər yaradılacaq, mürəkkəb relyefli, sərt yamaclı ərazilərdə ağaclar əkiləcək. Ona görə də yamaclarda terraslar hazırlanacaq, ağacların ətrafında təbii sutoplayıcılar yaradılacaq və bunun nəticəsində dəmyə şəraitdə, yəni suvarma olmadan yağış suları ağacların suvarılmasına yönəldiləcək. Bu, həm suya qənaət edilməsinə, torpağın hava, su keçiriciliyi və münbitliyin artırılmasına səbəb olacaq. Bu cür aksiyaların davamlı şəkildə həyata keçirilməsi nəzərdə tutulub”.