×
Vətən müharibəsindən, 44 günlük “Dəmir yumruq” əməliyyatından, torpaqlarımız Ermənistan silahlı qüvvələrinin işğalından azad edildikdən dərhal sonra Böyük Qayıdış cəmiyyətimiz üçün ən aktual məsələlərdən birinə çevrilib.
AZƏRTAC xəbər verir ki, bu sözləri sentyabrın 1-də Sahibkarlıq və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun təşəbbüsü, Azərbaycan Milli QHT Forumunun, Beynəlxalq Avrasiya Mətbuat Fondunun və Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın və İctimai Nəzarət Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Böyük Qayıdış və yurda dönüş” mövzusunda keçirilən ictimai müzakirələrin açılışı zamanı Milli QHT Forumunun prezidenti Rauf Zeyni deyib.
“Böyük Qayıdış” proqramının dövlətimiz tərəfindən hazırlandığını və hazırlanan proqram çərçivəsində keçmiş məcburi köçkünlərin ilk hissəsinin Zəngilan rayonundakı Ağalı kəndinə köçürülməsinin baş tutduğunu bildirən Rauf Zeyni insanlarımızın tarixi yurd yerlərinə qayıdışı prosesinin həyata keçirilməsi işində vətəndaş cəmiyyətinin oynaya biləcəyi rolu xatırladıb. Avqustun 25-də Laçın şəhərinin, Zabux və Sus kəndlərinin orada qeyri-qanuni məskunlaşdırılan ailələrdən boşaldılaraq Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə götürülməsi ilə bu məsələnin daha da aktuallaşdığını söyləyən R.Zeyni ictimai müzakirə iştirakçılarını fəal olmağa səsləyib.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Rəhimov özünün də məcburi köçkün ailəsindən olduğunu diqqətə çatdıraraq, bir zamanlar çoxları üçün röya, xəyal olanların gerçəkləşdiyi məqamlarda yurda dönüş prosesində hər bir kəsin əlindən gələni edəcəyinə inandığını bildirib.
Təşəbbüsü dəstəkləyən hökumət və qeyri hökumət təşkilatlarına minnətdarlığını bildirən Sahibkarlıq və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun prezidenti Sabit Bağırov ictimai müzakirələrin aparılması ideyasının Dünya Bankının layihəsi çərçivəsində yarandığını qeyd edib: “Mən və daha üç nəfər azad edilmiş ərazilərimizdə bir sıra məsələləri, o cümlədən, məşğulluq və özünüməşğulluğun, əmək bazarının inkişaf etdirilməsi perspektivlərini araşdıraraq Dünya Bankına, eyni zamanda, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə təqdim etdik. Böyük ehtimalla, Dünya Bankının məskunlaşma ilə əlaqədar böyük proqramı olacaq və həmin proqramın daha əhatəli olması üçün anoloji tədbirləri vacib sayırıq”.
İctimai müzakirələrə qatılan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Sənan Hüseynov keçmiş məcburi köçkünlərin doğma ocaqlarına qayıdışının Azərbaycan dövləti üçün prioritet istiqamətli məsələlərdən biri olduğunu bildirərək, ictimai müzakirənin keçirilməsinin faydalı olacağına inandığını qeyd edib. Dövlət Komitəsinin məsul işçisi işğaldan azad edilmiş bəzi ərazilərə səfərlərə məhdudiyyətləri isə belə əsaslandırıb: “Bunlar dövlət tərəfindən ora gedəcək insanların təhlükəsizliyi üçün tətbiq olunan məhdudiyyətlərdir. Məsələn, işğaldan sonra Qubadlı, Zəngilan, Laçın və Kəlbəcərdə az da olsa məskunlaşma aparıldığından o ərazilərdə minalara az təsadüf olunur, lakin bunu Ağdam, Füzuli, Cəbrayıl haqqında demək olmaz”.
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Anar Xəlilov gündəlikdəki məsələ ilə bağlı keçmiş məcburi köçkünlərlə birlikdə oxşar müzakirə və debatların təşkil olunduğunu və belə tədbirlərin qəbul edilən qərarlara böyük fayda verdiyini qeyd edib.
Müzakirələrdə Azərbaycan Ombudsman Aparatı, Minatəmizləmə Agentliyi (ANAMA), işğaldan azad edilən Laçın, Kəlbəcər, Zəngilan, Qubadlı, Ağdam, Füzuli icra hakimiyyətlərinin nümayəndələri də iştirak ediblər