×
Bona Dea beynəlxalq hospitalı bu il tibb sahəsində dünyanın ən qabaqcıl keyfiyyət standartlarından biri olan Joint Commission International (JCI) akkreditasiya sertifikatını yüz faizlik nəticə ilə əldə edib. JCI standartı xəstə baxımı keyfiyyətləri və xəstə təhlükəsizliyi ilə əlaqədar prosesləri özündə birləşdirən dünyanın ən böyük akkreditoru JCAHO’nun (Joint Commission on Accreditation of Healthcare Organizations) beynəlxalq platformada təmsil edilən nümayəndəsidir.
Aprelin 6-da həmin sertifikatın əldə olunması münasibətilə Bona Dea beynəlxalq hospitalında tədbir təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbiri hospitalın baş direktoru Faiq Əliyev açaraq tibb kollektivini bu böyük uğur münasibətilə təbrik edib.
Hospitalın baş həkimi, kardiovaskulyar cərrah Cabir Gülmalıyev son illər fəaliyyətə başlayan müasir tibb müəssisəsinin fəaliyyəti, indiyə qədər görülən işlər və qarşıda duran hədəfləri barədə məlumat verib. Onun dediyinə görə, xəstəxanada 156 çarpayı, 10 təcili yardım, 28 ümumi reanimasiya çarpayısı var. Fəaliyyət göstərdiyi müddətdə tibb müəssisəsində 70 min nəfərə ambulator yardım göstərilib, 1700 xəstə üzərində cərrahiyyə əməliyyatı aparılıb, 5 min əcnəbi vətəndaş müalicə üçün müraciət edib: “Müəssisəmizə nəinki ölkəmizdən ətraf bölgələrdən, Rusiya, Küveyt, Özbəkistan və digər Mərkəzi Asiya respublikalarından müraciətlər daxil olub. Vətən müharibəsi günlərində 100-dən çox ağır vəziyyətdə və multitravmalı yaralı hərbçi üzərində uğurlu cərrahiyyə əməliyyatları aparılıb. Elə yaralı olub ki, onun üzərində dörd-beş dəfə əməliyyat aparmaq lazım gəlib və demək olar ki, onların hamısı şəfa tapıb”.
Bona Dea hospitalının keyfiyyət və xəstə təhlükəsizliyi üzrə rəhbəri, professor Assaf Alassaf öz çıxışında müalicə ocağının keçdiyi inkişaf yolundan, regionda yüksək tibbi sertifikata layiq görülən ilk müəssisə kimi müasir tibbi texnoloji avadanlıqlarla təchiz edilmiş, ən son yenilikləri izləyən və dünyada müasir standartlara cavab verən müalicə ocaqlarından biri olduğunu qeyd edib.
Beynəlxalq xəstəxananın Almaniyadan olan həkimləri Kristof Rixter və Klaus Parhofer tədbirə onlayn qoşularaq öz təbriklərini çatdırıblar.
Bona Deanın nevroloji şöbəsinin rəhbəri Stefan Tekiç çıxış edərək müəssisədə çalışan bütün işçilərin əhalinin sağlamlığı keşiyində yüksək səviyyədə dayandığını və tibbin ən son yenilikləri ilə təchiz olunmuş xəstəxananın hər bir xəstə üçün ümid yeri olduğunu söyləyib.
Xəstəxananın ümumi cərrahiyyə və orqan transplantasiyası şöbəsinin cərrahı Ceyhun İsayev deyib: “Xəstəxanamız çox yüksək sertifikata layiq görülüb, lakin onu əldə etmək üçün bir komanda halında çox böyük və gərgin zəhmət çəkdik. Son 12 ildə belə yüksək nəticə ilə həmin sertifikata məhz bizim müəssisə layiq görülüb. Ölkəmizin hər bir vətəndaşı belə yüksək standarta cavab verən tibb müəssisəsi olduğuna görə qürur duymalıdır. Ümid edirik ki, bu uğurların davamı gələcək. Fəaliyyət göstərdiyimiz müddətdə biri uşaq olmaqla 9 qaraciyər transplantasiyası həyata keçirmişik və yüz faizli nəticə əldə etmişik”.
Xəstəxananın tibbi onkologiya şöbəsinin müdiri Altay Əliyev isə öz fikirlərini belə ifadə edib: “Yeni fəaliyyət göstərməyimizə baxmayaraq belə yüksək bir sertifikata layiq görülmək çox böyük uğurdur. Xəstəxanada ən müasir və ən yüksək tibbi xidmətlər göstərilir. Son iki il ərzində 2 mindən çox onkoloji xəstəyə tibbi xidmət göstərilib, onların arasında müalicəsini davam etdirənlər və izlənilməsi davam edən xəstələr də var. Lakin biz layiq görüldüyümüz sertifikatın məsuliyyətini yaxşı dərk edirik və öz işimizdə daha diqqətli və məsuliyyətli olmağa çalışacağıq”.
Azərbaycanda səhiyyənin müasirləşdirilməsi istiqamətində son illər icra olunan layihələrin tərkib hissəsi kimi bu hospitalın istifadəyə verilməsi vətəndaşların sağlamlığının təmin edilməsi, profilaktik tədbirlərin görülməsi, müayinə və müalicənin yüksək səviyyədə təşkil olunması işinə yeni imkanlar açıb.