×
Bakı Mühəndislik Universitetinin (BMU) İnformasiya və kompüter texnologiyaları fakültəsinin 12 tələbəsi beynəlxalq səviyyəli intensiv “IT SkillSprint” təhsil proqramını uğurla başa vuraraq məzun olub.
Universitetdən AZƏRTAC-a bildirilib ki, BMU-nu proqramda informasiya təhlükəsizliyi, informasiya texnologiyaları və kompüter elmləri ixtisasları üzrə təhsil alan III kurs tələbələri təmsil ediblər. Seçilmiş tələbələr arasında Sədat Musayev, Çiçək Abdullayeva, Elşad Kasimov, Fidail Vəliyev, Rauf Cəfər, Adil Həsənov, Ağa Hacıyev, İsmayıl Abdullayev, Ruzi Xancanov, Ülvi Hacıyev, Nihad Bağırzadə və Mikayıl Quliyev yer alıblar.
Bu proqram çərçivəsində BMU tələbələri, həmçinin yüksək nəticələr əldə ediblər. Kompüter mühəndisliyi ixtisasının tələbəsi Mikayıl Quliyev veb-proqramlaşdırma və süni intellekt, informasiya texnologiyaları ixtisasının tələbəsi Çiçək Abdullayeva isə kibertəhlükəsizlik və süni intellekt istiqamətləri üzrə hakatonda I yerə layiq görülüb.
Proqramı uğurla başa vuran BMU tələbələri “Ironhack” şirkətinin beynəlxalq səviyyədə tanınan sertifikatları ilə təltif olunublar. Universitetin 12 tələbəsinin bu nüfuzlu proqramda uğurla iştirak etməsi BMU-da informasiya texnologiyaları sahəsində həyata keçirilən keyfiyyətli tədrisin, tələbələrin nəzəri biliklərinin praktik bacarıqlarla möhkəmləndirilməsi istiqamətində görülən məqsədyönlü işlərin və onların beynəlxalq rəqabətqabiliyyətli mütəxəssis kimi hazırlanmasının növbəti göstəricisidir. Proqramın bağlanış mərasimində iştirak edən BMU-nun rektoru Yaqub Piriyev tələbələri əldə etdikləri uğur münasibətilə təbrik edib, onların beynəlxalq səviyyəli təhsil proqramında qazandıqları bilik və bacarıqların gələcək peşəkar fəaliyyətlərində mühüm rol oynayacağını vurğulayıb. Rektor tələbələrə gələcək təhsil və karyera yollarında yeni nailiyyətlər arzulayaraq, bu cür proqramlarda fəal iştirakın universitetin əməkdaşlıq imkanlarının genişlənməsinə, xüsusilə insan kapitalının inkişafına mühüm töhfə verdiyini qeyd edib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, həmçinin beynəlxalq tədris şirkəti “Ironhack”ın tərəfdaşlığı ilə ali təhsil müəssisələrinin tələbələri üçün həyata keçirilən proqram rəqəmsal iqtisadiyyatın tələblərinə uyğun olaraq informasiya texnologiyaları sahəsində ixtisaslı insan kapitalının hazırlanmasını hədəfləyir. Proqram çərçivəsində iştirakçılar data analitikası və süni intellekt, kibertəhlükəsizlik və süni intellekt, veb-proqramlaşdırma və süni intellekt, eləcə də DevOps və süni intellekt istiqamətləri üzrə hibrid formatda təhsil alıblar. “Bootcamp” formatında təşkil olunan təlimlər çərçivəsində tələbələr real layihələr üzərində işləmək, peşəkar portfel formalaşdırmaq, hakatonlarda iştirak etmək, karyera sərgilərinə və şəbəkələşmə tədbirlərinə qoşulmaqla əmək bazarına inteqrasiya imkanları əldə ediblər. Tədris prosesi 2026-cı ilin fevral-iyul aylarını əhatə etməklə altı ay davam edib.