Bu gün Azərbaycan Tibb Universitetinin, eləcə də Azərbaycan tibb təhsili tarixində çox əlamətdar bir gündür. Universitetimizin 91 illik tarixində ilk dəfə olaraq təqdim olunmuş üç əsas tədris proqramımız - müalicə işi, əczaçılıq və stomatologiyaya aid tədris proqramları beynəlxalq akkreditasiya sertifikatına layiq görülüb.
×
Bu gün Azərbaycan Tibb Universitetinin, eləcə də Azərbaycan tibb təhsili tarixində çox əlamətdar bir gündür. Universitetimizin 91 illik tarixində ilk dəfə olaraq təqdim olunmuş üç əsas tədris proqramımız - müalicə işi, əczaçılıq və stomatologiyaya aid tədris proqramları beynəlxalq akkreditasiya sertifikatına layiq görülüb. Bu proses üç ildən çoxdur ki, davam edir və onun aktiv fazası iki ildir.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli məlumat verib.
"Dünya Tibb Təhsili Federasiyası tərəfindən 2017-ci ildən tanınan Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentlik tərəfindən universitetimiz yoxlanılıb. Ötən ilin noyabrında agentliyin Xarici Ekspert Komissiyası dörd gün ərzində universitetimizdə olub. Universitetin bütün fəaliyyət istiqamətləri üzrə yoxlamalar apararaq bu il yanvarın 28-də agentliyin ali şurasının qərarı ilə təqdim etdiyimiz hər bir proqram üzrə beynəlxalq beşillik akkreditasiya verilib. Beynəlxalq akkreditasiya ilk öncə universitetimizə dünya reytinqlərində iştirak etmək və orada yüksəlmək, xarici tələbələrin Tibb Universitetinə daha böyük axınını təmin etmək və həmin xarici tələbələrin coğrafiyasını genişləndirmək imkanı verəcək. Həmçinin burada əsas məsələ istər universitetimizin, istərsə də məzunlarımızın dünya bazarına rahat çıxması və onların bizim universitetdən aldığı diplomların tanınma prosesinin yüngülləşməsidir. Hesab edirəm ki, dünya akkreditasiya şirkətləri ilə universitetimizin mübadilə və əməkdaşlığı davam edəcək. Bu gün də biz növbəti reytinq müqaviləsinə imza atdıq ki, gələcəkdə ATU beynəlxalq universitet reytinqlərində də iştirak etsin", - deyə G.Gəraybəyli qeyd edib.