Mayın 27-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) Gənclər Fondunun tərəfdaşlığı ilə tələbələr üçün intellektual və sosial inkişafı təmin edəcək və onların postakademik hazırlığı üçün hazırlanan “YouthLab” proqramının təqdimatı olub.
×
Mayın 27-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) Gənclər Fondunun tərəfdaşlığı ilə tələbələr üçün intellektual və sosial inkişafı təmin edəcək və onların postakademik hazırlığı üçün hazırlanan “YouthLab” proqramının təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən proqramın təqdimatında “YouthLab” üçün xüsusi təchiz edilmiş iş və təlim otaqları, “YouthLab Media Mərkəzi” ilə tanışlıq baş tutub.
Proqramın təqdimatı mərasimində, həmçinin Akademiyanın “İdman jurnalistikası” magistr proqramının məzunlarına diplomlar təqdim olunub.
“YouthLab” tələbələrin ictimai iştirakçılığı və sosial fəallığını təmin etməklə, asudə vaxtını səmərəli təşkil edəcək mərkəz rolunu oynayacaq və tələbələrin layihə və təşəbbüslərinin reallaşdırılmasına imkan verəcək. Bununla yanaşı, “YouthLab” tələbələrin məzun olmaq ərəfəsində postakademik həyata hazırlıq funksiyası çərçivəsində onları əmək bazarına hazırlayacaq. Belə ki, tələbələr üçün müasir əmək bazarında zəruri bilik və bacarıqlar üzrə peşəkar təlimlər təşkil olunacaq. Həmçinin məzunların məşğulluğu və sahibkarlıq fəaliyyəti ilə bağlı innovativ ideyalarının dəstəklənməsi üzrə proqramlar həyata keçiriləcək.
“YouthLab” həm də gənclərin müxtəlif mövzular ətrafında debat və müzakirələr təşkil etdiyi fikir platforması kimi də çıxış edəcək. Burada mütəmadi qaydada dövlət rəsmiləri, uğurlu iş adamları, tanınmış idmançılar və digər şəxslərlə görüşlər təşkil olunacaq.
Proqramdan Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 4 mindən çox bakalavr və magistr tələbəsinin yararlanması planlaşdırılır.