×
Oktyabrın 12-də Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin “İnsan hüquqları və informasiya hüququ” üzrə UNESCO kafedrasının hazırladığı “İşğal altında olmuş Azərbaycan Respublikası ərazilərində məcburi köçkünlərin pozulmuş hüquqlarına dair” kompleks beynəlxalq hesabatın təqdimat mərasimi keçirilib.
Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
AZƏRTAC xəbər verir ki, giriş sözü ilə çıxış edən layihənin ideya müəllifi və rəhbəri, BDU-nun rektoru Elçin Babayev Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun işğalçı Ermənistan üzərində tarixi qələbəsindən bəhs edib. Bildirib ki, BDU-da başladılan bu akademik layihə Hüquq fakültəsi “İnsan hüquqları və informasiya hüququ” üzrə UNESCO kafedrasının professor-müəllim heyəti, ölkəmizin tanınmış hüquqşünasları və əcnəbi nüfuzlu hüquqşünas-alimlərin, ABŞ, Rusiya Federasiyası, Ukrayna, Qazaxıstan və Türkiyənin tanınmış mütəxəssislərinin iştirakı ilə hazırlanıb. Beynəlxalq hesabatın hazırlanmasında əsas məqsəd - təqribən 30 ilə yaxın müddətdə Ermənistan tərəfindən Azərbaycan Respublikası ərazilərinin işğalı nəticəsində həmin ərazilərdən olan məcburi köçkünlərin pozulmuş hüquqlarının, daha sonra dəymiş ziyanın əhatə dairəsinin və istiqamətlərinin müəyyən edilməsi, beynəlxalq təcrübəni öyrənməklə pozulmuş hüquqların bərpası, nəhayət, dəymiş ziyanın Ermənistan tərəfindən ödənilməsi üçün beynəlxalq-hüquqi mexanizmlərin təhlil edilməsidir. Ermənistanın təcavüzünə məruz qalmış və uzun müddət işğal olunmuş Azərbaycan ərazilərindən olan məcburi köçkünlərin işğala qədər, işğal dövründə və işğaldan azad olunandan sonra əsas hüquq və azadlıqları beynəlxalq sənədlərlə tanınır və onların pozulmuş hüquqları bərpa edilməlidir.
Mərasimdə Milli Məclisin birinci vitse-spikeri Əli Hüseynli, təhsil nazirinin müavini Muxtar Məmmədov, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva, Hesabat üzrə işçi qrupunun həmsədri professor Əmir Əliyev və başqaları çıxış ediblər.
İşçi qrupunun üzvləri professorlar Leonid Timçenkonun (Ukrayna) və Aron Salimqereyin (Qazaxıstan) videoçıxışları təqdim olunub.
Çıxış edənlər Azərbaycan məcburi köçkünlərinin bir sıra mühüm hüquq və azadlıqlarının 30 il Ermənistan tərəfindən kütləvi, sistematik və kobud şəkildə pozulduğunu, dünyada məcburi köçkünlərin pozulmuş hüquqlarının bərpasına dair mövcud olmuş beynəlxalq təşkilati mexanizmlər həmin təcrübədən istifadə edilməklə və beynəlxalq sənədlərin müddəaları əsas tutulmaqla Azərbaycan məcburi köçkünlərinin hüquqlarının da bərpasına dair spesifik beynəlxalq təşkilati mexanizmin yaradılmasını tam şəkildə şərtləndirdiyini qeyd ediblər.
Qeyd edək ki, hesabat giriş, ümumi yanaşma və metodologiya, uzun müddət Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan əraziləri haqqında ümumi məlumatlar, Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar qəbul edilmiş beynəlxalq sənədlərin təhlili, məcburi köçkünlərin pozulmuş əsas hüquq və azadlıqları, Ermənistan tərəfindən beynəlxalq hüququn əsas prinsiplərinin pozulması və törədilən beynəlxalq cinayətlər, işğalla əlaqədar vurulmuş ziyanların təxmini əhatə dairəsi, mövcud beynəlxalq mexanizmlər, digər dövlətlərin təcrübəsi, beynəlxalq məhkəmə mexanizmləri, Ermənistanın beynəlxalq-hüquqi məsuliyyəti, 2020-ci ilin sonlarına qədər işğalda olmuş və hazırda işğaldan azad edilmiş Azərbaycan əraziləri üçün zəruri olan ilkin humanitar yardım, nəticə və əlavələrdən ibarətdir.