Bəzi məsələlərdə hamımız çox diqqətli olmalıyıq. Bütün bəşəriyyət koronavirus pandemiyası ilə üz-üzə qaldığı bir vaxtda bu, daha çox diqqət çəkir.
×
Bəzi məsələlərdə hamımız çox diqqətli olmalıyıq. Bütün bəşəriyyət koronavirus pandemiyası ilə üz-üzə qaldığı bir vaxtda bu, daha çox diqqət çəkir. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı əsasında ölkəmizdə koronavirusla mübarizə istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva da bu istiqamətdə mühüm işlər görür. Nazirlər Kabineti nəzdində yaradılan Operativ Qərargah da bu istiqamətdə koordinasiyalı şəkildə fəaliyyət göstərir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev parlamentin avqustun 3-də keçirilən plenar iclasında deyib.
Baş prokuror vurğulayıb ki, koronavirusla mübarizə tədbirləri çərçivəsində görülən işlərdə Daxili İşlər Nazirliyinin əməkdaşlarının üzərinə böyük məsuliyyət düşür.
Kamran Əliyev diqqətə çatdırıb ki, Milli Məclisin deputatı Eldəniz Səlimov iyulun 29-da saat 1 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında polis əməkdaşı Zaur Cavanşir oğlu Mirzəyevə xidməti vəzifələrinin icrası zamanı zor tətbiq edib və Daxili İşlər Nazirliyi məsələnin araşdırılması üçün materialları Baş Prokurorluğa təqdim edib.
Toplanmış materiallar üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.
Baş Prokuror bildirib : “Məsələnin mənəvi, etik və hüquqi tərəfi var. Deputatın bu hərəkəti yolverilməzdir. Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verilməsi tam zəruridir. Təqdimatın təmin olunmasını xahiş edirəm”.