Dekabrın 8-də Bakıdakı Rus evində (RİMM) Müstəqil Dövlətlər Birliyinin (MDB) yaradılmasının 30 illiyinə həsr edilmiş fotosərgi açılıb.
×
Dekabrın 8-də Bakıdakı Rus evində (RİMM) Müstəqil Dövlətlər Birliyinin (MDB) yaradılmasının 30 illiyinə həsr edilmiş fotosərgi açılıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə Birlik ölkələrinin diplomatik korpusunun nümayəndələri, mədəniyyət və təhsil müəssisələrinin rəhbərləri, KİV təmsilçiləri iştirak ediblər.
Rusiya Federasiyasının Azərbaycandakı səfiri Mixail Boçarnikov tədbirdə çıxış edib. O qeyd edib ki, 30 il ərzində MDB üzvləri arasında bütün səviyyələrdə əlaqələr geniş inkişaf yolu keçib. Bu gün MDB-nin geriyə boylanaraq keçilmiş yola bir daha nəzər salmağa tam haqqı var.
M.Boçarnikov deyib: “Şadıq ki, müstəqil olmaq və birlikdə yaşamaq imkanımız var”.
Müstəqil Dövlətlər Birliyi əvvəllər Sovet Sosialist Respublikaları İttifaqına (SSRİ) daxil olan dövlətlər arasında əməkdaşlıq münasibətlərini nizamlayan beynəlxalq təşkilatdır. Bu təşkilat 1991-ci il dekabrın 7-8-də Viskulidəki (Belovejsk meşəsi) iqamətgahda Rusiya, Belarus və Ukraynanın dövlət başçıları tərəfindən “Slavyan Dövlətləri İttifaqının yaradılması haqqında Saziş” imzalanması yolu ilə yaradılıb. Sonradan həmin sənədin adı dəyişdirilərək “Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında Saziş” kimi qəbul edilib.
Preambuladan və 14 maddədən ibarət sənəddə qeyd edilirdi ki, Sovet Sosialist Respublikaları İttifaqı (SSRİ) beynəlxalq hüququn subyekti və geosiyasi reallıq kimi öz mövcudluğunu başa vurub. Lakin xalqların tarixi birliyi, onların arasında mövcud əlaqələr, ikitərəfli müqavilələr, demokratik hüquqi dövlət qurmaq istəyi, bir-birinin dövlət suverenliyinin qarşılıqlı tanınması və ona hörmət edilməsi əsasında öz münasibətlərini inkişaf etdirmək niyyəti nəzərə alınaraq tərəflər son variantda Müstəqil Dövlətlər Birliyinin yaradılması barədə razılığa gəliblər.
Sərgi üçün işlər Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Özbəkistan fotoqrafları və “Rossotrudniçestvo” agentliyinin həmin ölkələrdəki nümayəndəlikləri tərəfindən təqdim edilib.
Tədbirin sonunda Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri və müəllimləri tərəfindən təşkil edilmiş konsert olub. Konsertdə Azərbaycan və xarici ölkələrin klassiklərinin əsərləri səslənib.