×
Xəbər verildiyi kimi, Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etməsi, Azərbaycan Respublikasına qarşı silahlı hücumlar etməsi və mütəmadi hərbi təxribatlar törətməsi ilə əlaqədar sentyabrın 28-də saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edilib. Hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-dək komendant saatı tətbiq olunub.
AZƏRTAC xəbər verir ki, Bakıda tətbiq edilən komendant saatı ilə əlaqədar paytaxtın müxtəlif ərazilərində postlar qurulub. Postlarda polis və Daxili Qoşunların hərbi qulluqçuları xidmətlərini uğurla davam etdirirlər. Daxili işlər orqanlarının əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları saat 9-dan sonra paytaxt ərazisində hərəkət edən avtomobilləri və vətəndaşları saxlayaraq icazələrinin və sənədlərinin olub-olmamasını yoxlayırlar. Buraxılışı olmayan şəxslər polis bölməsinə aparılır.
Bundan başqa polis əməkdaşları vətəndaşları komendant rejimi qaydaları barədə məlumatlandırırlar.
Qeyd edək ki, Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-dək komendant saatı tətbiq edilib. Komendant saatının tətbiq edildiyi ərazilərdə şəxslərin xüsusi icazə və şəxsiyyəti təsdiq edən sənədləri olmadan küçələrdə və digər ictimai yerlərdə olmaları qadağan edilib, xüsusi giriş-çıxış rejimi tətbiq olunub, nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması üçün tədbirlər görülüb.
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi komendant saatının tətbiqindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin edir.
Hərbi vəziyyət dövründə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatların hüquqlarının və qanuni mənafelərinin, vətəndaşların hüquq və azadlıqlarının qismən və müvəqqəti məhdudlaşdırılmasını nəzərdə tutan tədbirlər vəziyyətin kəskinliyindən irəli gələn hüdudlar daxilində və Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq tətbiq edilir.