İyunun 22-də Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Heydər Əliyev Mərkəzi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə V İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı işə başlayıb.
×
İyunun 22-də Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Heydər Əliyev Mərkəzi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə V İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı işə başlayıb.
AZƏRTAC xəbər verir ki, “Heydər Əliyev İli” çərçivəsində təşkil edilən konfrans “Bir əsrin iqtisadi nəticələri” mövzusuna həsr olunub və iyunun 25-dək davam edəcək.
Tədbir iştirakçıları öncə Fəxri xiyabanda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət edərək önünə gül dəstələri qoyublar, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.
Heydər Əliyev Mərkəzində keçirilən konfransın açılışında tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə yerli və xarici tədqiqatçıların birgə hazırladıqları “Bir əsrin iqtisadi portreti” adlı kitab sərgisi ilə tanış olublar. Heydər Əliyevin Azərbaycan iqtisadiyyatının formalaşması və beynəlxalq iqtisadi əlaqələrin inkişafındakı rolundan bəhs edən kitabın elektron versiyasının beynəlxalq elmi platformalarda indekslənməsi və dünya universitetlərinin kitabxana bazalarında yerləşdirilməsi nəzərdə tutulur.
UNEC tərəfindən nəşr olunan “Türk dövlətləri işbirliyi: Mövcud vəziyyət, potensial imkanlar və gələcəyə istiqamətlənmiş perspektivlər”, “Exploring The Green Economy: Issues, Challenges and Benefits” və “Strateji idarəetmə” kitabları da konfransda nümayiş olunub. Konfrans çərçivəsində şəhid övladlarının əl işlərindən ibarət, Azərbaycanın milli-mədəni irsini əks etdirən sənət əsərlərinin nümayiş edildiyi "Əsrin 100 çaları" adlı rəsm sərgisinin açılışı olub.
Konfransın açılışında Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, UNEC-in rektoru professor Ədalət Muradov, TÜRKSOY-un Baş katibi Sultan Raev, ölkənin və xarici dövlətlərin elm, təhsil, iqtisadiyyat sahələri üzrə rəhbər şəxsləri, alim və tədqiqatçıları iştirak ediblər.