×
İyulun 16-da Səhiyyə Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, “Uşaq Qaynar Xətti”nin dəstəyi ilə “MOMs Azerbaijan” Qadın və Uşaq İnkişaf Platforması tərəfindən II Atalar Festivalı keçirilib.
AZƏRTAC xəbər verir ki, festivalın açılışında çıxış edən “MOMs Union qadın, uşaq inkişaf platforması”nın həmtəsisçiləri Aysel Hüseynova və Aytac Qəmbərova ailə və onun dəyərlərinin xalqımızın minillik həyat fəlsəfəsinin məcmusunu özündə birləşdirdiyini vurğulayıblar. Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənən və qorunan ailələrin uzunömürlü olması məhz həmin dəyərlərin dayanıqlılığı ilə bağlıdır.
Tədbirin başlıca məqsədinin gender stereotiplərini qırmaq və valideynlik məsuliyyətlərinin bərabər bölüşdürülməsinə təşviqi olduğunu xatırladan həmtəsisçilər ölkəmizdə bu istiqamətdə məqsədyönlü dövlət siyasəti aparıldığını bildirib, sözügedən mövzuda qeyri-hökumət təşkilatlarının daşıya biləcəyi missiya barədə danışıblar.
Tədbirin keçirilməsinin vacibliyi və valideynlər üçün ilkin tibbi yardım təlimimin təqdimatını edən Nabil Seyidov festivalda iştirak edən ataları təlimlərdə xüsusi fəallığa çağırıb.
“Ataların uşağın sağlamlığında rolu” mövzusunda müzakirələrə moderatorluq edən Səhiyyə Nazirliyinin baş pediatrı Erkin Rəhimov qeyd edib: “Ataları ilə daha yaxın və isti münasibəti olan uşaqlarda sosiallaşma və ünsiyyət qurma bacarığı, habelə liderlik və özünə əminlik, öz gücünə inam hissləri daha yüksək səviyyədə inkişaf edir”.
“Erkən uşaq inkişafı dövründə atanın rolunun vacibliyi və uşaq inkişafına təsiri” mövzusunda danışan Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu Pediatriya kafedrasının dosenti Nigar Hacıyeva bunun elmi əsasları barədə məlumat verib, uşaqların gələcək taleyi üçün ataların hansı rol oynaya biləcəyindən bəhs edib.
Uşaq təhlükəsizliyi üzrə beynəlxalq ekspert, “Valideyn basqısı və oflayn təhlükəsizlik” mövzusu üzrə təlimdə çıxış edən Nigar Əliyeva əmin olduğunu bildirib ki, bu barədə söhbət açılarkən atanın əlahiddə rolu gözə çarpır.
Festivalın ilk hissəsində valideynlər üçün uşaq təhlükəsizliyi, sağlam həyat tərzi barədə təlimlərdə uşaqlar üçün müxtəlif ustad dərsləri, əyləncəli oyunlar təşkil olunub. Daha sonra isə anaların yoqa və meditasiya guşələrində olmaları ilə paralel, atalar övladları ilə birgə vaxt keçirib, qızları ilə robotlar, oğlanları ilə qida və içkilər hazırlamaq üçün yarışlara qatılıblar.
Festivalda, həmçinin ilk tibbi yardım təlimi, xüsusi təlim-konsultasiya, analar üçün yoqa sessiyası, inkişafetdirici oyun və əyləncə stendləri də təşkil olunub.
Ata-balalar üçün müxtəlif məzmunlu əyləncəli və öyrədici oyunlar isə maraqlı olduğu qədər də cəlbediciliyi ilə yadda qalıb.