Bakıda keçirilən akrobatika gimnastikası üzrə 28-ci dünya çempionatının üçüncü gününə start verilib.
×
Bakıda keçirilən akrobatika gimnastikası üzrə 28-ci dünya çempionatının üçüncü gününə start verilib.
AZƏRTAC xəbər verir ki, çempionatın üçüncü günündə qadın cütlüklər, qruplar balans, kişi cütlüklər və qruplar isə temp hərəkətində medallar uğrunda mübarizə aparacaqlar. Qarışıq cütlüklər arasında isə temp hərəkətində qaliblərin adlarına aydınlıq gələcək.
Martın 13-dək davam edəcək çempionatda 17 ölkədən 170 gimnast iştirak edir.
Yarışda idmançılar qadın, kişi və qarışıq cütlükləri, eləcə də qadın və kişi qrupları proqramlarında balans, temp və qarışıq hərəkətlər üzrə çıxış edirlər.
Yarışda ölkəmizi gənclər arasında Avropa çempionları Daniel Abbasov və Murad Rəfiyev kişi cütlüklərin yarışında təmsil edirlər. Qarışıq cütlüklər tərkibində isə beynəlxalq turnirlərin qalibləri Sabir Ağayev və Mehriban Salamova, Avropa çempionatının gümüş və bürünc mükafatçıları Ağasif Rəhimov və Raziyə Seyidli mübarizə aparırlar.
Xatırladaq ki, 2018-ci ildə Azərbaycan ilk dəfə akrobatika gimnastikası üzrə dünya kuboku turnirinə, bu il martın 3-dən 6-dək isə 12-ci dünya yaş qrupları yarışlarına ev sahibliyi edib.