×
Fevralın 2-də Bakıda AFFA-nın 30-cu konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, Tədbirdə gənclər və idman nazirinin müavini Mariana Vasileva, MOK-un baş katibi Azər Əliyev və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
AFFA-nın prezidenti Rövnəq Abdullayev konfrans iştirakçılarını salamlayaraq deyib: “COVID-19 pandemiyasının yaratdığı çətinliklərlə əlaqədar ötən konfransımız onlayn formatda keçirilmişdi. Yenidən canlı ünsiyyətdə olmaq imkanı əldə etdiyimiz üçün hər birinizi təbrik edirəm. Ümidvaram ki, növbəti konfransımızda pandemiya haqqında tamamilə keçmiş zamanda danışacağıq”.
Konfransın Azərbaycan Gəncləri Günündə təşkil olunmasının önəmini vurğulayan R.Abdullayev bildirib: “Ulu öndər Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, hər il fevralın 2-si Azərbaycan Gəncləri Günü kimi qeyd olunur. Bu münasibətlə Azərbaycan futbol ailəsi adından gənclərimizi təbrik edirik. Hesabat dövründə koronavirus pandemiyasına baxmayaraq, AFFA tərəfindən planlaşdırılan tədbirlər həyata keçirilib. Təbii ki, ilk növbədə “Avro-2020”nin Bakıda təşkil olunmuş 4 oyununu xüsusi qeyd etməliyik. Bu, ölkəmizin nəinki futbol, ümumiyyətlə, idman tarixində xüsusi əhəmiyyətə malik hadisələrdən biri idi. “Avro-2020”nin oyunlarının təşkili ilə bağlı namizədliyimizin irəli sürülməsi prosesindən başlayaraq bütün mərhələlərdə bizə böyük dəstək göstərən dövlətimizə, xüsusilə Azərbaycan Prezidentinə futbol ictimaiyyəti adından bir daha təşəkkürümü bildirirəm. Turnirin bu səviyyədə təşkil olunması təkcə futbolumuzun deyil, ölkəmizin və dövlətimizin böyük uğurudur”.
Sonra AFFA-nın hesabat dövründəki fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, AFFA-nın strategiyasına uyğun olaraq növbəti mövsümdə Premyer Liqada komandaların sayı 10-a çatacaq. Bu istiqamətdə hazırlıq işləri gedir və fors-major olmasa, böyük ehtimalla, nəhayət, yenidən 10 komandalı Azərbaycan Premyer Liqasını izləyəcəyik. Bölgə futbolunun hər zaman diqqət mərkəzində olduğunu qeyd edən icraçı vitse-prezident pandemiya ilə əlaqədar bir müddət bu sahədə çətinliklərin olduğunu, lakin karantin qaydaları yumşaldıqdan sonra AFFA rəsmilərinin müxtəlif bölgələrə silsilə səfərlərinin təşkil olunduğunu, uşaq komandalarına idman geyimlərinin, topların verildiyini, müxtəlif bölgələrdə infrastruktur layihələrinin icrasının davam etdirildiyini bildirib. Pandemiyanın uşaq və gənclər arasında təşkil olunan yarışlara da təsirsiz ötüşmədiyini deyən E.Məmmədov çətinliklərə baxmayaraq, liqaların bərpa edildiyini və yaxın zamanda ən kütləvi turnir olan “Coca-Cola məktəbli kuboku” yarışına da yenidən start verilməsinin planlaşdırıldığını qeyd edib.
E.Məmmədov “Avro-2020”nin 4 oyununun Bakıda təşkil olunması barədə də məlumat verib və bu yarışın ölkəmizin idman tarixində xüsusi əhəmiyyətə malik hadisə olduğunu vurğulayıb.
Sonra AFFA-nın maliyyə və mühasibatlıq departamentinin rəisi Xalid Cavadov və müstəqil auditor Elnur Kazımov hesabat məruzələri ilə çıxış ediblər.
“Avro-2020” ilə bağlı videoçarxın nümayişindən sonra AFFA-nın infrastruktur şöbəsinin müdiri Kamran Vəliyev “Avro-2020-nin irsi” mövzusunda, marketinq və sponsorluq departamentinin müdiri Tural Piriyev isə “Futbolun İnkişafı Fondu” çərçivəsində tətbiq olunacaq yeni layihə barədə təqdimatla çıxış ediblər. Ardınca Hakimlər Komitəsinin sədri Fritz Stuçlik VAR sisteminin tətbiqi ilə bağlı görülən işlər barədə ətraflı məlumat verib.
Konfransda iştirak edən UEFA nümayəndəsi Jozef Kliment və FIFA rəsmisi Nodar Axalkatsi AFFA-ya və Azərbaycan futbol ailəsinə gələcək fəaliyyətində uğurlar arzulayıblar.
Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə qeyd edib ki, hesabat dövründə futbolun inkişafı, kütləviliyinin təmin olunması istiqamətində çoxsaylı işlər görülüb və layihələr icra olunub.
Çıxışlardan sonra “Avro-2020”nin Bakıda keçirilmiş oyunlarında və AFFA-nın müxtəlif tədbirlərində səmərəli fəaliyyətinə görə 12 könüllü plaketlə təltif olunub. Plaketləri AFFA-nın prezidenti Rövnəq Abdullayev təqdim edib.
Konfransa yekun vuran AFFA prezidenti iştirakçılara uğurlar arzulayıb.