×
Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanasının təşkilatçılığı ilə dekabrın 8-də türk ədəbiyyatının görkəmli nümayəndəsi Məhmət Akif Ərsoyun anadan olmasının 150 illiyi münasibətilə Azərbaycan dilinə uyğunlaşdırılan şeir kitabının təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, Milli Kitabxanasında keçirilən təqdimat mərasimində TÜRKSOY-un Baş katibi Sultan Raev, mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, həmçinin ölkənin bir sıra tanınmış elm və mədəniyyət xadimləri, media nümayəndələri iştirak ediblər.
Milli Kitabxananın direktoru professor Kərim Tahirov TÜRKSOY-un Türk dünyasının mədəni irsinin təbliğinə, incəsənət sahəsinə verdiyi dəyərlərdən söz açıb.
TÜRKSOY-un Baş katibi Sultan Raev Məhmət Akif Ərsoyun yaradıcılığından danışıb, onun Türk dünyasının ədəbiyyatına bəxş etdiyi bənzərsiz ədəbiyyat nümunələrindən söhbət açıb.
Mədəniyyət nazirinin müavini Fərid Cəfərov deyib ki, ilk dəfədir Məhmət Akif Ərsoyun şeirləri Azərbaycan dilində kitab şəklində çap olunur. Buna baxmayaraq o, Azərbaycan oxucusuna çoxdan tanışdı.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar TÜRKSOY vasitəsilə Türk dünyasının daha da yaxınlaşdığını bildirib. “Akif Ərsoy az-az şairlərdəndir ki, onun şeiri oxunanda hamı ayaq üstə qalxır. Söhbət Türkiyə himnindən gedir”,- deyə Xalq yazıçısı bildirib.
Kitabın hazırlanmasında əməyi keçənlərə təşəkkürünü bildirən Mətbuat Şurasının sədri Rəşad Məcid Azərbaycan oxucusunun Məhmət Akif yaradıcılığına sonsuz sevgisindən danışıb.
Digər çıxış edən natiqlər qeyd ediblər ki, Məhmət Akif Ərsoy Türkiyənin Dövlət Himni-İstiqlal Marşının müəllifidir. 1921-ci il martın 12-də Türkiyə Böyük Millət Məclisinin kürsüsündə oxunan şeir Mustafa Kamal Atatürkün “Bu marş bizim inqilabımızın ruhunu anladır” sözləri ilə qəbul edilib. Sonra marşın sözləri ingilis, alman, fransız, macar və fars dillərinə tərcümə olunaraq ölkə daxilində və xaricində dərc edilib. İstiqlal Marşının yazılması üçün Məhmət Akifə 500 lirə mükafat verilib, şair həmin məbləği yoxsul qadın və uşaqlara iş öyrədən “Darülmesai” qurumuna bağışlayıb. Bir zaman müxtəlif musiqilərlə ifa edilən marşa Türkiyənin tanınmış bəstəkarı Osman Zeki Üngör tərəfindən çağdaş himnə yaraşan musiqi bəstələnib.
Bildirilib ki, kitabdakı şeirləri Türkiyə türkcəsindən Azərbaycan dilinə uyğunlaşdıran şair Elşən Mehdi, redaktoru isə şair Səlim Babullaoğludur.
Çıxışlardan sonra bir qrup mədəniyyət xadiminə TÜRKSOY-un 30 illik yubiley medalı təqdim edilib.