×
Dekabrın 8-də Heydər Əliyev Mərkəzində “İslam dünyasında süni intellekt indeksinin təqdimatı” beynəlxalq konfransının açılışı olub.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun, Elm və Təhsil Nazirliyinin təşkilatçılığı və ICESCO-nun tərəfdaşlığı ilə keçirilən konfransın məqsədi İslam dünyasında süni intellekt üzrə əməkdaşlığı gücləndirmək, həmçinin süni intellektin etik, sosial və iqtisadi təsirlərini müzakirə etməkdir.
Qeyd edək ki, süni intellektin inkişaf trendlərinin elmi əsaslarla ölçülməsi üçün hazırlanmış “İslam dünyasında süni intellekt indeksi” sənədi də məhz ilk dəfə Bakı konfransında təqdim olunur.
Konfransın açılışında çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva bildirib ki, süni intellekt (AI) artıq gündəlik həyatın mühüm bir hissəsinə çevrilib. Onun sözlərinə görə, bu sahə böyük imkanlar yaratmaqla yanaşı, yeni suallar və məsuliyyətlər də ortaya çıxarır. Cəmiyyətin süni intellektin təsirini düzgün qiymətləndirməsinin, gənclərin risklərdən qorunaraq bu texnologiyanın imkanlarına yönləndirilməsinin vacibliyi xüsusi qeyd olunub.
Heydər Əliyev Fondunun vitse-prezidenti diqqətə çatdırıb ki, Azərbaycan bu istiqamətdə ardıcıl addımlar atır. 2025–2028-ci illər üçün Milli Süni İntellekt Strategiyası çərçivəsində milli süni intellekt ekosisteminin qurulması, dövlət xidmətləri üçün Azərbaycan dilində AI modelinin hazırlanması, dövlət qurumları üçün standartların müəyyənləşdirilməsi və Süni İntellekt Akademiyasının yaradılması nəzərdə tutulur.
L.Əliyeva Heydər Əliyev Fondunun artıq 20 ildir təhsili fəaliyyətinin əsas istiqaməti kimi müəyyən etdiyini xatırladıb. Deyib ki, Fond bu müddət ərzində Azərbaycanda 500-dən çox məktəb binası inşa edib və yenidən qurub, uşaq bağçalarını və internat müəssisələrini modernləşdirib, minlərlə uşağı müasir tədris vasitələri ilə təmin edib.
O diqqətə çatdırıb ki, süni intellekt dövrünə keçid bu missiyanın əhəmiyyətini daha da artırır. Onun fikrincə, süni intellekt, sadəcə, texnologiya deyil, hər bir uşaq üçün yeni imkan deməkdir.
Heydər Əliyev Fondunun vitse-prezidenti, həmçinin vurğulayıb ki, süni intellekt ətraf mühitin qorunmasında da mühüm rol oynaya bilər. Nadir heyvan növlərinin izlənməsi, iqlim dəyişikliklərinə nəzarət, meşələrin mühafizəsi, su ehtiyatlarının qorunması və dayanıqlı kənd təsərrüfatının inkişafı bu imkanlar sırasındadır.
Leyla Əliyeva çıxışında ICESCO ilə əməkdaşlığa da toxunub. Bu tərəfdaşlıq çərçivəsində Burkina-Fasoda məcburi köçkün qızlar üçün məktəblərin inşası, eləcə də Mali, Çad və Komor adalarında layihələrin davam etdirildiyi diqqətə çatdırılıb. Vurğulanıb ki, BMT-nin İnkişaf Proqramı ilə birgə gənclər və əlilliyi olan şəxslər üçün regional informasiya və kommunikasiya texnologiyaları mərkəzlərinin yaradılması bu istiqamətdə həyata keçirilən mühüm işlərdəndir.