×
Sentyabrın 5-də Bakıda Bitki Mühafizəsi haqqında Beynəlxalq Konvensiyanın (IPPC - International Plant Protection Convention) Avropa və Mərkəzi Asiya üçün regional tədbiri öz işinə başlayıb. Tədbirin təşkilatçıları BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisi (FAO-REU), Avropa və Aralıq dənizi Bitki Mühafizəsi Təşkilatı (EPPO) və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyidir.
Tədbir “Ərzaq təhlükəsizliyi üçün bitki sağlamlığı innovasiyaları” mövzusuna həsr olunub.
Tədbirin keçirilməsində əsas məqsəd fitosanitar tədbirlər üzrə beynəlxalq standartların layihələrinin təhlili, onlara dair şərhlərin formalaşdırılması və təqdim edilməsi, 2023-cü il üçün mövzular üzrə çağırış, Bitki Mühafizəsi haqqında Beynəlxalq Konvensiya haqqında məlumatların artırılması və regional səviyyədə təcrübə mübadiləsi aparmaqdan ibarətdir.
FAO-nun Avropa və Mərkəzi Asiya üzrə regional ofisi, Azərbaycan ofisi, IPPC, EPPO və üzv ölkələrin nümayəndələri, o cümlədən, IPPC katibi Osama El-Lissy, EPPO-nun baş direktoru Nico Horn, FAO-nun nümayəndəsi Melek Çakmakın da iştirak etdiyi tədbir paralel olaraq Fransanın Paris şəhərinə birbaşa bağlantı formatında həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli müasir dövrdə bəşəriyyətin qlobal problemlərindən və vəzifələrindən birinin əhalinin ərzaq məhsulları ilə etibarlı və dayanıqlı təminatının həyata keçirilməsindən ibarət olduğunu bildirib: “Hazırda dünya ölkələri və müxtəlif beynəlxalq təşkilatlar tərəfindən ərzaq çatışmazlığının və aclığın aradan qaldırılması istiqamətində geniş işlər görülür. Buna baxmayaraq, son illər enerji daşıyıcılarının, istehsal vasitələrinin qiymətlərinin artması, kəskin iqlim dəyişikliyi, su ehtiyatlarının azalması, hərbi münaqişələr və digər neqativ amillər səbəbindən ərzaq məhsullarının qiymətlərində ciddi artımlar baş verir, ərzaq qıtlığı real təhlükəyə çevrilir.
AQTA sədri qeyd edib ki, qloballaşma, ticarətin inkişafı və iqlim dəyişikliyi nəticəsində zərərli orqanizmlərin yeni ərazilərə keçməsi sürətlənir, onların arealı genişlənir, bitkilər üçün zərərli olan bir sıra yeni virus və bakteriya mənşəli xəstəliklər sürətlə yayılır. Fitosanitar riski yüksək qiymətləndirilən həmin virus və bakteriyalar məhsulların iqtisadi dəyərinə əhəmiyyətli dərəcədə təsir göstərməklə, 40-80 faizə qədər məhsul itkisinə səbəb olur. Bu baxımdan dünya miqyasında bitki sağlamlığının önəmi artır, bitkilərin xəstəlik və zərərvericilərdən mühafizəsi insanlar üçün bir həyati zərurətə çevrilir.
Tədbirdə çıxış edən Azərbaycan kənd təsərrüfatı naziri İnam Kərimov isə ölkəmizdə bitki sağlamlığı və mühafizəsinin təşkili istiqamətində davamlı işlər görüldüyünü diqqətə çatdırıb: “Bu sahədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Kənd Təsərrüfatı Nazirliyi ilə, xüsusilə də nazirliyin Aqrar Xidmətlər Agentliyi ilə koordinasiya olunmuş fəaliyyət aparır. Bitki sağlamlığı işində nəzarət və xidmət funksiyalarının bir-birini tamamlaması uğurlu nəticələr əldə etməyə imkan verir. Birgə monitorinq mexanizminin formalaşması, elektron bazanın yaradılması, dataların toplanması, davamlı məlumat mübadiləsi – bütün bunlar həm Qida Təhlükəsizliyi Agentliyinin, həm də Aqrar Xidmətlər Agentliyinin bitki mühafizəsi sahəsində mövcud risklərə daha çevik və operativ reaksiya verməsini, önləyici tədbirlər görməsini təmin edir”