×
Yanvarın 14-də Milli Onkologiya Mərkəzi (MOM) və Azərbaycan Onkoloqlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Alman-Azərbaycan Ginekologiya Günü” adlı tədbir keçirilib. Tədbir ərəfəsində Almaniyanın Gothe Universiteti Frankfurt Xəstəxanasının professoru Sven Becker ilə Milli Onkologiya Mərkəzinin Baş direktoru, akademik Cəmil Əliyevin görüşü olub.
AZƏRTAC xəbər verir ki, "Alman-Azərbaycan Ginekologiya Günü"ndə MOM-nin Onkoginekologiya şöbəsinin rəhbəri Şəmistan Alıyev mərkəzin Baş direktoru, akademik Cəmil Əliyevin nitqini iştirakçıların diqqətinə çatdırıb: "Hörmətli qonaqlar, hər birinizi salamlayıram. Bildirmək istəyirəm ki, Alman-Azərbaycan Ginekologiya Günü" qadın xəstəliklərinin profilaktikası və müalicəsi, ümumilikdə qadın sağlamlığının qorunmasına həsr olunub. Bütün dünyada olduğu kimi, Azərbaycanda da onkoloji xəstəliklərin müalicəsi, eləcə də qadınların sağlamlığı prioritet məsələlərdən biri kimi daim dövlətin nəzarətindədir". C.Əliyev konfrans iştirakçılarını təbrik edib, onlara xoş əhval-ruhiyyə arzulayıb və konfransı açıq elan edib.
Konfransda Almaniyanın Gothe Universiteti Frankfurt Xəstəxanasının və Milli Onkologiya Mərkəzinin mütəxəssisləri ginekoloji xəstəliklər zamanı müasir müalicə üsullarını əhatə edən müxtəlif mövzular barədə çıxış ediblər.
Professor Sven Becker tədbirdə ginekologiya, xüsusilə də onkoginekologiya sahəsindəki ən yeni innovasiyalar, proqressiv müalicə metodları və digər aktual məsələlər barədə məlumat verib.
Tədbirdə, həmçinin Gothe Universiteti Frankfurt Xəstəxanasının Onkoginekologiya şöbəsinin müdiri Xəyal Qasımlı da təqdimatla çıxış edib. Həkim-mütəxəssis onkologiya sahəsinin geniş yayılmış, cəmiyyətin aktual xəstəliklərinin gedişatı, profilaktikası və müalicəsi barədə ətraflı məlumat verib.
Ümumilikdə təqdim edilən məruzələr “Ginekoloji cərrahiyyə və Fertility. Əhəmiyyətli olan nədir?”, “Endometriozun müasir müalicəsi. Cərrahiyyə və konservativ müalicənin inteqrasiyası”, “Endometrium xərçənginin molekulyar profili. KRAS və PI3K siqnal yolu mutasiyalı endometrium xərçəngində Polo-like Kinase 1 (PLK1)-ın proqnostik və terapevtik əhəmiyyəti”, “3D laparoskopiyanın ve ICG texnologiyanın endometrial xərçəngin müalicəsində rolu”, “Konservativ müalicə yoxsa dərhal konizasiya? HSIL ve ACIS-ın yaş qruplarına görə və hamiləlikdə terapevtik strategiyası” mövzularını əhatə edib.
“Alman-Azərbaycan Ginekologiya Günü” tədbirinin iştirakçıları ginekoloji xəstəliklərin artım dinamikası barədə fikir mübadiləsi aparıb, analoji toplantıların daha intensiv şəkildə reallaşdırılmasının zəruriliyini vurğulayıblar.
“Alman-Azərbaycan Ginekologiya Günü” tədbiri hibrid formatda keçirilib və “Zoom” platforması üzərindən onlayn şəkildə yayımlanıb.