Dekabrın 29-da Bakı Kitab Mərkəzində uşaqlar üçün “Azərbaycan Vətənimdir” adlı Yeni il tamaşası göstərilib.
×
Dekabrın 29-da Bakı Kitab Mərkəzində uşaqlar üçün “Azərbaycan Vətənimdir” adlı Yeni il tamaşası göstərilib.
AZƏRTAC xəbər verir ki, tamaşa təhsil nazirliyinin 2 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzi tərəfindən hazırlanıb.
Səhnə əsərinin nümayişindən öncə Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva çıxış edərək uşaqları qarşıdan gələn Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edib. Balacalara xoş arzularını çatdıran Günel Rzayeva, onların gələckdə Vətənə layiqli övlad kimi yetişəcəklərinə əminliyini ifadə edib.
Sonra tamaşa nümayiş olunub.
Rejissoru Şəhanə Abbaslı olan səhnə əsərində Mərkəzin “Məktəb teatrı” dərnəyinin gənc aktyorları sevimli nağıl qəhrəmanlarını canlandırıblar. Həmçinin, Mərkəzin “Uşaq xalq rəqsləri” dərnəyinin üzvləri rəngarəng geyimlərdə ölkəmizdə yaşayan müxtəlif xalqların, etnik qrupların və eyni zamanda uşaqların sevimli cizgi film personajlarının rəqslərini nümayiş etdirib, mahnılar ifa ediblər.
Sonda Nizamı rayonu 1 nömrəli və Xətai rayonu 3 nömrəli Uşaq Evlərinin sakinlərinə Bakı Kitab Mərkəzi adından Yeni il hədiyyələri bağışlanıb.