×
Oktyabrın 8-də X Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Mədəniyyət Nazirliyinin dəstəyi ilə şərqşünas Cəfər Həsənovun “Seyid Yəhya Bakuvi. Əsraru Talibin və ya həqiqət yolçularının sirləri” kitabının təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə alimlər, ədəbiyyatçılar, oxucular, jurnalistlər və s. iştirak ediblər.
Kitabın müəllifi Cəfər Həsənov görkəmli alim Seyid Yəhya Bakuvi haqqında ətraflı məlumat verib. O, əsərin yazılma prosesindən, S.Y.Bakuvi irsinin Azərbaycan mədəniyyətindəki əhəmiyyətindən söz açıb. Qeyd edilib ki, kitabda sufi yolunun əsas prinsipləri və S.Y.Bakuvi məktəbinin təlimləri ətraflı araşdırılıb. C.Həsənov bildirib ki, Azərbaycan zəngin mədəniyyəti ilə Şərqə misilsiz töhfələr verib və bu irs əsrlər boyu müxtəlif sahələrdə özünü göstərib: “Lakin mən Azərbaycanın İslam tarixini araşdırarkən bəzi böyük şəxsiyyətlərin lazımi dərəcədə tanınmadığının şahidi oldum. Xüsusilə orta əsrlərdə yaşamış Azərbaycan mütəfəkkirlərinin çoxu hələ də geniş ictimaiyyət tərəfindən yetərincə dərk olunmayıb və onların irsi layiqincə qiymətləndirilməyib. Mən də bu səbəbdən onların yaradıcılığını, irsini cəmiyyətə təqdim etməyi qarşıma məqsəd qoydum. Bu missiyaya Azərbaycanın ən məşhur sufi alimlərindən biri olan Seyid Yəhya Bakuvi ilə başladım”.
Müəllif vurğulayıb ki, Azərbaycan tarixində saysız-hesabsız sufi alimlər var: “Lakin onların arasında dünyada ən çox tanınan, hörmət edilən şəxsiyyət Seyid Yəhya Bakuvidir. Araşdırmalarım zamanı qarşıma çoxlu mənbələr çıxdı və bu məlumatların hər biri Seyid Yəhya Bakuvi irsinin nə qədər dəyərli olduğunu bir daha sübut etdi. Məhz buna görə də mənim üçün vacib bir vəzifə oldu ki, bu böyük sufi aliminin yaradıcılığını Azərbaycan ictimaiyyətinə, eləcə də dünyaya təqdim edim”.
Onun sözlərinə görə, Azərbaycanın dünyaca məşhur övliyası və İslamda ən böyük sufi təriqətlərindən birinin banisi Seyid Yəhya Bakuvinin dövrümüzə qədər bir neçə möhtəşəm əsəri gəlib gəlib: “Bu əsər təsəvvüf dairələrində ən çox oxunan və bu gün də saysız-hesabsız təsəvvüf məktəblərində praktik və nəzəri baxımdan istifadə edilən əsərlərdən biridir. “Əsrəru Talibin” əsərində İslamın həqiqətləri açıqlanmaqla yanaşı, təsəvvüfün əsasları və xəlvətiyyə təriqətinin inanc sistemi izah edilib. Əsər kəlimeyi-tövhidin hərflərinin sayına uyğun olaraq 24 fəslə ayrılıb. Hər fəsildə təriqət yolunun sirləri açıqlanıb və bu yolda irəliləməyin düsturu verilib. Seyid Yəhya Bakuvi hər hansı bir mövzunu izah edərkən əvvəlcə Qurani-Kərim nuru, daha sonra hədis işığı, lazım gəldikdə isə övliyaların və İslamın dahi şəxsiyyətlərinin hikmətli sözləri ilə əsərə xüsusi rəng qatıb”.
C.Həsənov bildirib ki, S.Y.Bakuvi kimi sufi alimlərin əsərləri yalnız dini və fəlsəfi mövzularda deyil, həm də mənəvi inkişaf və insanın özünü dərk etməsi məsələlərində böyük əhəmiyyət kəsb edir. Onun irsinin geniş kütlələrə çatdırılması Azərbaycanda sufi təlimlərinin daha dərindən öyrənilməsinə və onların dünya mədəniyyətinə töhfələrinin daha aydın şəkildə anlaşılmasına xidmət edəcək.
Təqdimat mərasimində iştirak edənlər S.Y.Bakuvi haqqında fikirlərini səsləndirib, Azərbaycanın tarixi və mədəniyyəti üçün bu cür tədqiqatların elmi əhəmiyyətini vurğulayıblar. Kitabın elmi dairələrdə yeni tədqiqatlar üçün stimul yaradacağı qeyd olunub.