Azərbaycan bütün inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr kimi insan hüquqlarının bir hissəsi olan uşaq hüquqlarının qorunması və onların müdafiəsinin həyata keçirilməsi üçün dövlət siyasəti müəyyənləşdirib.
×
Azərbaycan bütün inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr kimi insan hüquqlarının bir hissəsi olan uşaq hüquqlarının qorunması və onların müdafiəsinin həyata keçirilməsi üçün dövlət siyasəti müəyyənləşdirib. Bu, Azərbaycanın həyata keçirdiyi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu siyasətin həyata keçirilməsi istiqamətində müəyyən olunan dövlət proqramları, fəaliyyət planları, uşaqların müdafiəsi sahəsində fəaliyyət göstərən qurumların səlahiyyətləri çərçivəsində görülməli olan işlər davamlı olaraq cəmiyyətin və ictimaiyyətin diqqət mərkəzindədir. Bu sahədə əlaqələndirici orqan olaraq Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi həm dövlət proqramlarının və planlarının reallaşdırılması prosesi, həm də onların nəticələrinin monitorinqi ilə məşğuldur.
AZƏRTAC xəbər verir ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova söyləyib.
O bildirib ki, komitə uşaq hüquqlarının qorunması istiqamətində müxtəlif maarifləndirmə və qabaqlayıcı tədbirlər, həmçinin görülmüş işlərin nəticələrinin izlənilməsini, nəzərdə tutulan bütün uşaq müdafiə sistemlərinin işlək vəziyyətdə olmasının monitorinqini həyata keçirir. “Uşaq hüquqlarının qorunması və müdafiəsi təkcə dövlətin vəzifəsi və öhdəliyi deyil, həm də Azərbaycan cəmiyyətinin, vətəndaş cəmiyyətinin, media nümayəndələrinin, o cümlədən ailələrin üzərinə düşən önəmli vəzifədir. Hər kəs öz üzərinə düşən vəzifələri yerinə yetirərsə, uşaqların müdafiə sistemi, onların hüquqlarının və bərabərliyinin təmin edilməsi prosesləri daha əlverişli olar”, - deyə komitə sədri qeyd edib.