×
Dekabrın 18-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) yaradılmasının 50 illik yubileyi münasibətilə təntənəli yığıncaq keçirilib. Bu əlamətdar tarixin qeyd olunması təkcə bir ali təhsil müəssisəsinin yarım əsrlik fəaliyyət yoluna nəzər salmaq deyil, eyni zamanda, Azərbaycanda memarlıq və inşaat təhsilinin formalaşması, milli mühəndislik məktəbinin inkişafı və dövlətçilik ənənələrinin təhsildə təcəssümünün rəmzidir.
AZƏRTAC xəbər verir ki, yubiley tədbirindən öncə AzMİU-nun rəhbərliyi, professor-müəllim heyəti və əməkdaşları Fəxri xiyabana gələrək Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib, onun AzMİU-nun yaradılmasındakı müstəsna xidmətlərini, ali təhsil və milli kadr hazırlığı prosesinə böyük qayğısını dərin ehtiramla yad ediblər.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə gül dəstələri qoyulub.
Universitet kollektivi daha sonra Şəhidlər xiyabanını ziyarət edib, Vətən uğrunda canını fəda edən Şəhidlərin məzarları üzərinə gül dəstələri qoyub.
Rəsmi tədbirdən öncə “Gülüstan” sarayında təşkil olunan “Təhsil və irs” sərgisinə baxış keçirilib. Sərgidə universitetin zəngin tarixi irsi, keçdiyi inkişaf mərhələləri, elmi-pedaqoji nailiyyətləri və müasir inkişaf strategiyası təqdim olunub.
Yubiley yığıncağı Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Mərasimdə dövlət və hökumət rəsmiləri, deputatlar, Elm və Təhsil Nazirliyinin rəhbər şəxsləri, yerli və xarici tərəfdaş ali təhsil müəssisələrinin rəhbərləri, tanınmış elm və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri, AzMİU-nun professor-müəllim heyəti, əməkdaşları və məzunları iştirak ediblər.
Tədbirdə çıxış edən rektor memarlıq doktoru, professor Gülçöhrə Məmmədova bildirib ki, AzMİU-nun 50 illik yubileyi universitetin keçdiyi şərəfli yola, formalaşdırdığı elmi məktəbə və ölkənin sosial-iqtisadi inkişafına verdiyi töhfələrə nəzər salmaq üçün bir fürsətdir. Rektor qeyd edib ki, 50 illik yubileyin qeyd edilməsi həm də ölkəmizdə memarlıq və inşaat təhsilinin inkişafına dövlət qayğısının, milli mühəndislik məktəbinin formalaşmasına göstərilən xüsusi diqqətin bariz göstəricisidir.
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasından sonra ölkəmizin hərtərəfli inkişaf dinamikasının daha da sürətləndiyini vurğulayan rektor, son illərdə təhsil sahəsində həyata keçirilən islahatlara diqqət çəkib. Təhsilin qabaqcıl beynəlxalq standartlara uyğunlaşdırılması, elmi-tədqiqat fəaliyyətinin gücləndirilməsi, universitet-sənaye əməkdaşlığının genişləndirilməsi, rəqəmsal və hibrid tədris modellərinin tətbiqi, eləcə də insan kapitalının inkişafına yönəlmiş məqsədyönlü siyasətin AzMİU-nun inkişafına təsirindən danışıb.
“Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan böyük quruculuq işləri, şəhərsalmanın vüsət alması, “ağıllı şəhər”, yaşıl memarlıq, enerji effektli tikinti kimi çağdaş yanaşmalar memarlıq və inşaat təhsilinə yeni tələblər formalaşdırır. AzMİU bu çağırışlara cavab vermək üçün yenilənmiş təhsil proqramları, mütəxəssis hazırlığının yeni strukturu, gücləndirilmiş elmi baza, beynəlmiləlləşmə və rəqəmsal transformasiya istiqamətində ardıcıl addımlar atır”, - deyə professor Gülçöhrə Məmmədova əlavə edib.