×
Müxtəlif dövrlərdə Azərbaycan futboluna yeni istedadlar qazandıran aşağı yaş qrupları üzrə yığma komandalarımız var. Onlardan biri də 17 yaşadək futbolçulardan ibarət millidir. Nə bilmək olar, bəlkə də gələcəkdə həmin heyətin üzvləri arasında dünyada adından söz etdirəcək futbolçular olacaq. Bu hal yaşanmasa belə, ölkəmizi beş böyük liqa hesab etdiyimiz İngiltərə, İspaniya, Fransa, İtaliya və Almaniyada təmsil edəcək adlara rast gələ və onlarla qürur duya bilərik. Əslində bu çempionatlarda vaxtilə “top qovan” azərbaycanlılar olub. Buna İspaniya La Liqasında Vəli Qasımov, İngiltərədə (“Vulverhempton”un” əsas heyətində çıxış etməyib) Renat Dadaşov, Almaniyada isə adlarını çəkərək bitirə bilməyəcəyimiz oyunçuları misal göstərmək olar. Yeni gənclər də məhz bu yolu davam etdirmək istəyirlər.
AZƏRTAC hazırlıqlara sentyabrın 3-də Mərdəkanda yerləşən “Liv Bona Dea Arena”nın ehtiyat meydançasında başlayan U-17 komandamızla tanış olub. Baş məşqçi İlham Yadullayev bu toplanış üçün 22 futbolçuya dəvət göndərib. Onlardan üçü – Zeyd Nəsirulla, “Herta Zehlendorf”, (Almaniya), İbrahim Babayev "Servette" (İsveçrə) və İslam Həsənov “Srvena Zvezda” (Serbiya) komandalarında çıxış edirlər.
Məşq prosesi taktiki tapşırıqlar əsasında qurulub.
Yığmanın baş məşqçisi İlham Yadullayev toplanışa dəvət etdiyi futbolçuların fiziki durumundan razı qaldığını bildirib: “Əskiklər üzərində işləyirik. Legioner həyatı yaşayan üç futbolçu bizimlə birlikdədir. Onlardan İbrahim Babayev və İslam Həsənov əvvəlki toplanışlara dəvət alsalar da, Zeyd Nəsirulla ilk dəfədir siyahımıza salınıb. “Servette” çıxış edən İbrahim kreativliyi ilə seçilir. İslam da son mövsümdə “Srvena Zvezda”nın heyətində özünü yaxşı tərəfdən göstərə bilib. Zeydə gəlincə, onu ötən il seleksiya xarakterli məşqlərə dəvət etmişdik. Çox istedadlı oyunçudur. Həm Avropada, həm də Azərbaycanda oynayan oyunçular gələcəkdə Azərbaycan millisinə əsas namizəddirlər. Sadəcə, ruhdan düşmədən öz üzərlərində davam etdirməlidirlər”.
Almaniyanın “Herta Zehlendorf” komandasında çıxış edən Zeyd Nəsirulla 17 yaşadək futbolçulardan ibarət milli komandanın toplanışına çağırıldığı üçün xoşbəxt olduğunu söyləyib: “Burada olmaq mənim üçün böyük şərəfdir. İlk dəfə komandaya qoşulduğum zaman məni yaxşı qarşıladılar. Artıq yeni dostlarla tanış oldum.
Məşqlər çətin olsa da, öhdəsindən gəlməyə çalışırıq. Əsas hədəfim özümü yaxşı tərəfdən göstərib Azərbaycan millisində və Bundesliqada oynamaqdır”.
Müdafiəçi mövqeyində oynayan gənc istedad bəyəndiyi futbolçuların adlarını da çəkib: “Yerli oyunçulardan “Qarabağ” forması geyinən Bəhlul Mustafazadəni, karyerasını başa vurmuş Ruslan Abışov və Maksim Medvedevi bəyənirəm. Xaricilər arasında Vircil van Deyk, Serxio Ramos və Paolo Maldinini qeyd edərdim. Adını çəkdiyim bu futbolçuların oyunlarını hər zaman izləyib onlardan nələrsə öyrənməyə çalışmışam”.
Serbiyanın köklü klublarından olan “Srvena Zvezda” forması geyinən İslam Həsənov milli komandaya adaptasiya prosesinin rahat keçdiyini vurğulayıb: “Çünki Albaniyada olarkən təlim-məşq toplanışına çağırılmışdım.
“Srvena Zvezda”dan da hazır gəlmişdim. Artıq o klubla ikinci ilimə daxil olacağam. Hər şey yaxşı gedir. Bilirsiniz ki, Avropada oynadığımız zaman digər tanınmış komandalara da yol açılır. Hədəf İngiltərə Premyer Liqasında “Mançestser Siti” və “Mançester Yunayted”də çıxış etməkdir. Ən önəmlisi isə Azərbaycanın əsas millisi üçün oynamaqdır”.
Ümid edirik ki, bu gənclər gələcəkdə Azərbaycan futbolunu zivələrə daşıyacaqlar.
Hazırlığın ikinci mərhələsi üçün Türkiyəyə yola düşən U-17 yığması sentyabrın 9-da və 12-də qardaş ölkə seçməsinin müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoldaşlıq oyunu keçirəcək.
Qarşılaşmalar müvafiq olaraq Bakı vaxtı ilə saat 17:00-da və 14:00-da start götürəcək