Bakıda keçirilən bədii gimnastika üzrə dünya kuboku yarışları çərçivəsində qrup hərəkətləri üzrə Azərbaycan komandası 3 lent və 2 topla proqramın finalına yüksəlib.
×
Bakıda keçirilən bədii gimnastika üzrə dünya kuboku yarışları çərçivəsində qrup hərəkətləri üzrə Azərbaycan komandası 3 lent və 2 topla proqramın finalına yüksəlib.
AZƏRTAC xəbər verir ki, Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Yelizaveta Luzan və Daria Sorokinadan ibarət komandamızın çıxışı hakimlərdən 30.600 xal alaraq təsnifat mərhələsində ikinci yeri tutub.
İtaliya, İsrail, Almaniya, Yaponiya, Özbəkistan, Qazaxıstan və Estoniya komandaları da finala vəsiqə qazanıblar.
Qrup komandamız 5 halqa ilə yarışlarda da həlledici mərhələyə adlayıb.
Bu, Azərbaycanın gimnastika növləri üzrə bu il ev sahibliyi etdiyi 5-ci beynəlxalq yarışdır. Yarışda 31 ölkədən 42-si fərdi və 84-ü qrup komandasının (14 qrup) üzvü olmaqla, 126 gimnast iştirak edir.
Aprelin 24-dək davam edəcək yarışda gimnastlar ayrı-ayrı alətlər və çoxnövçülük üzrə mübarizə aparacaqlar.
Ənənəyə uyğun olaraq, turnirdə ən çox icra xalını yığmış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq.
Bu, ölkəmizdə bədii gimnastika üzrə təşkil olunan doqquzuncu dünya kuboku yarışıdır. Xatırladaq ki, paytaxtımız 2005-ci və 2019-cu illərdə bu növ üzrə dünya çempionatına ev sahibliyi edib.