Azərbaycanı müstəqil dövlət quruculuğuna aparan yol məhz 1969-cu il iyulun 14-dən – ümummilli lider Heydər Əliyevin ilk dəfə siyasi hakimiyyətə gəlişindən sonra başlanıb.
×
Azərbaycanı müstəqil dövlət quruculuğuna aparan yol məhz 1969-cu il iyulun 14-dən – ümummilli lider Heydər Əliyevin ilk dəfə siyasi hakimiyyətə gəlişindən sonra başlanıb. Ulu Öndərin siyasi hakimiyyətdə olduğu illər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifəsini təşkil edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişinin 51-ci ildönümü münasibətilə iyulun 14-də Zaqatalada keçirilən “Zirvəyə yüksəlişin başlandığı gün” mövzusunda videokonfransda səsləndirilib.
Zaqatala rayon Heydər Əliyev Mərkəzinin və rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə keçirilən onlayn konfransda Ulu Öndərin zəngin həyat yolu və çoxsahəli fəaliyyətindən geniş bəhs olunub. Bildirilib ki, Azərbaycanın müasir tarixinin bütöv bir mərhələsi, eləcə də müstəqil dövlətimizin inkişafı məhz Ümummilli Liderin adı və fəaliyyəti ilə bağlıdır. Heydər Əliyev öz dərin zəkası, liderlik xarizması, milli ideallara, adət-ənənələrə möhkəm bağlılığı, zəngin idarəçilik keyfiyyətləri ilə ölkəmizin gələcək inkişafı üçün möhkəm zəmin yaradıb. Azərbaycanın siyasi həyatı və bütövlükdə cəmiyyətimiz Ulu Öndərin böyük səyləri nəticəsində yeni inkişaf mərhələsinə qədəm qoyub.
Bildirilib ki, dahi rəhbərin hakimiyyətdə olduğu illərdə respublikamızın hər yerində, o cümlədən Zaqatala rayonunda çox böyük quruculuq işləri görülüb, rayon iqtisadiyyatı sürətlə inkişaf edib, yeni istehsal müəssisələri fəaliyyətə başlayıb. Həmin illərdə rayonda onlarla sosial təyinatlı obyekt, o cümlədən təhsil, səhiyyə və mədəniyyət ocaqları tikilib istifadəyə verilib, yeni yollar, körpülər salınıb.
Videokonfransda çıxış edənlər dahi rəhbərin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi yolundakı tarixi xidmətlərindən, onun respublikamıza rəhbərlik etdiyi dövrlərdə ölkəmizin qazandığı uğurlardan bəhs edib, Ulu Öndərin siyasi xəttinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildiriblər.