×
İyunun 5-də Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində COP29-la bağlı “Azərbaycanda müasir iqlim dəyişmələrinin təbii komplekslərə və təsərrüfat sisteminə təsiri” mövzusunda beynəlxalq elmi-praktik konfrans işə başlayıb. Konfransın təşkilatçıları Coğrafiya İnstitutu (Azərbaycan), Azərbaycan Coğrafiya Cəmiyyəti, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı, Azərbaycan Turizm və Menecment Universiteti, Manaş Kozıbayev adına Şimali Qazaxıstan Universiteti, Qazaxıstan Coğrafiya və Su Təhlükəsizliyi İnstitutu, Rusiya Sosial Coğrafiyaçılar Assosiasiyası və Dağıstan Dövlət Texniki Universitetidir.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində çıxış edən akademik Fəxrəddin Qədirov Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a ev sahibliyi edəcəyini vurğulayaraq bugünkü konfransın iqlim dəyişmələrinin öyrənilməsinə töhfə vermək məqsədilə keçirildiyini bildirib.
Sonra professor Zakir Eminov, dosentlər Yusif Alıyev və Bahadır Bilalov, professorlar Məqsəd Qocamanov, Çingiz İsmayılov, Aydın İbrahimov, coğrafiya elmləri doktoru Səid Səfərov çıxış ediblər. Qeyd olunub ki, müasir iqlim dəyişmələrinin öyrənilməsi mühüm elmi vəzifə kimi hər bir tədqiqatçının qarşısında durur. Bu istiqamətdə son zamanlar geniş elmi-tədqiqat işləri aparılıb, dissertasiya işləri yazılıb.
Beynəlxalq elmi-praktik konfrans Coğrafiya İnstitutunun icraçı direktoru dosent Zaur İmraninin moderatorluğu ilə davam edib.
Plenar iclasda AMEA-nın müxbir üzvü Rauf Qardaşov “İqlim dəyişikliyi fonunda Xəzər dənizinin səviyyəsinin dəyişməsi və onun sahil zonasına təsiri”, professor Rza Mahmudov “Azərbaycanda regional iqlim dəyişmələri və onun çay-su ehtiyatlarına təsiri”, professor Ələkbər Rəsuli “Böyük Qafqazın qar örtüyünün çoxsensorlu şəkillər vasitəsilə inteqrasiya füzyonunun tətbiqi” və coğrafıya elmləri doktoru Vedat Çalışkan “İqlim dəyişiklikləri, su və qida böhranları ilə mübarizədə ekoloji dəstəklər: qorunan təbiət əraziləri” mövzusunda məruzələr ediblər.
İyunun 6-da davam edəcək konfransın bölmə iclaslarında “Landşaftlardan istifadənin müasir vəziyyəti”, “İqlim və su ehtiyatlarının qiymətləndirilməsi, istifadəsi və qorunması problemləri”, “Azərbaycanın davamlı inkişafının ekocoğrafi əsasları, torpaq-bitki örtüyünün mühafizəsi”, “Torpaqlardan səmərəli istifadə edilməsi və onların ekoloji problemləri”, “İşğaldan azad olunmuş ərazilərdə sosial-iqtisadi problemlərə gənc tədqiqatçıların baxışı”, “Regionların sosial-iqtisadi inkişafı, istiqamətləri; yaşıl enerji potensialı və istiqamətləri”, “Demoqrafik inkişafın regional xüsusiyyətləri, şəhər və kənd məskunlaşmasının perspektivləri”, “Davamlı inkişafın təmin olunmasında turizm və rekreasiya potensialının qiymətləndirilməsi”, “Regionların təbii ehtiyat potensialından istifadə problemləri və onların həlli yolları”, “Regionların inkişafının ali və orta məktəblərdə tədrisinin müasir problemləri” mövzuları üzrə çıxışlar dinləniləcək.