×
Ölkəmizdə insan hüquqlarının qorunması, xüsusilə gender bərabərliyi ölkəmizin qanunvericilik bazasında təsbit olunub. Bu baza cəmiyyətimizdə kişi və qadınların aktiv, tamhüquqlu fəaliyyəti üçün imkan verir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyası və Azərbaycan Respublikası Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsinin birgə təşkilatçılığı ilə keçirilən "Gender bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolu" mövzusunda keçirilən konfransın açılışında YAP Sədrinin müavini - Mərkəzi Aparatının rəhbəri Tahir Budaqov deyib.
Tahir Budaqov konfransın gündəliyinə çıxarılmış məsələnin həllini tapması istiqamətində Prezident İlham Əliyevin bu istiqamətdə ardıcıl siyasətinin həyata keçirilməsi üçün addımlar atıldığını xatırladıb.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova çıxış edərək, bir il əvvəl Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Zəfərdə kişilərlə bərabər, qadınların da oynadığı rol barədə danışıb. Bu il Azərbaycanda “Gender bərabərliyi haqqında” Qanunun qəbul edilməsinin 15 illiyinin tamam olduğunu bildirən H.Hüseynova Qanunun qəbulunu Azərbaycan dövlətinin bu istiqamətdə ən mütərəqqi bəşəri dəyərlərə hörmətinin daha bir ifadəsi kimi qiymətləndirib. Ötən 15 ildə müvafiq sahədə xeyli işin görüldüyünü vurğulayan komitə sədri qəbul edilmiş qanunların cəmiyyətdə tətbiqində vətəndaş cəmiyyətinin öhdəsinə düşən vəzifələrdən bəhs edib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Bahar Muradova "Gender bərabərliyi haqqında" Qanunda əksini tapmış məsələlərin həllində dövlətlə bərabər, cəmiyyətin də məsuliyyət daşıdığını diqqətə çatdırıb. Komitə sədri konfransda qaldırılan məsələlərin aktuallığının gündəmdə saxlanılması işində ölkə mediasının daha produktiv ola biləcəyini deyib. YAP İdarə Heyətinin üzvü bununla əlaqədar olaraq hakim partiyanın yerli strukturlarının gücündən istifadə etməyin faydalı ola biləcəyini vurğulayıb.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov ölkə qanunlarının əmək bazarında qadınların da kişilərlə bərabərhüquqlu olmasını təmin etməsindən danışıb. Başlıca problemin cəmiyyətimizdə məişət zorakılığının hələ də aktual olması faktına diqqət çəkən nazir müavini bu məsələnin gündəmdə saxlanılmasında medianın mühüm rolunu qeyd edib.
Konstitusiya Məhkəməsinin sədr müavini Sona Salmanova ölkəmizdə gender bərabərliyi siyasətinin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu bildirib. Həmin siyasətin Azərbaycanda dövlət siyasəti səviyyəsinə qaldırılmasında Prezident İlham Əliyevin oynadığını xüsusi rolu vurğulayan S.Salmanova bu məsələnin ölkə qanunvericiliyində təsbit olunduğunu xatırladıb.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev beynəlxalq statistikadan nümunə gətirərək, dünya miqyasında hər iki qadından birinin məişət zorakılığına məruz qaldığını söyləyib. “Azərbaycandakı əmək bazarında işsiz qadınların çəkisinin bu sahədə kişilərdən artıq olması onu göstərir ki, problem qalmaqda davam edir”, - deyən Musa Quliyev Azərbaycanın səhiyyə sistemində qadınların 77 faiz təşkil etdiyini, lakin bu sahədə idarəetmədə cəmi 25 faiz olduqlarını bildirib.
Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova qaldırılan məsələ ilə bağlı hökumət və qeyri- hökumət təşkilatlarının apardığı işlərə baxmayaraq, problemin hələ də aktual olaraq qaldığını, bu sahədə problemlərin həll olunmadığını qeyd edib. R.Fərəcova bu sahədə monitorinq qruplarının yaradılmasının verdiyi ilk müsbət nəticələrdən danışıb.