×
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə “Bu gün innovasiya et, sabahın qidasını təmin et” şüarı altında Ümumdünya Qida Gününə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir dayanıqlı ərzaq sistemlərinin qurulmasında və ərzaq təhlükəsizliyinin təmin edilməsində innovasiyanın rolunu vurğulamaq məqsədilə dövlət rəsmilərini, siyasətçiləri, akademik institutların nümayəndələrini, inkişaf tərəfdaşlarını, səfirlikləri, tələbələri və kənd icmalarını bir araya gətirib.
Tədbirdə ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli, Milli Məclisin deputatı və BMT-nin İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai, eləcə də FAO-nun Azərbaycandakı nümayəndəsi Nasar Hayat çıxış ediblər.
ADA Universitetinin tələbələri də çıxışlarında ərzaq və kənd təsərrüfatının gələcəyinin formalaşdırılmasında gənclərin rolunu vurğulayıblar.
Tədbir çərçivəsində FAO-nun “Kəndlərin tanınması təşəbbüsü” çərçivəsində dörd kəndə sertifikatlar təqdim olunub. Sertifikatlar kəndlərin dayanıqlı kənd təsərrüfatının inkişafı, ərzaq təhlükəsizliyinin təmin edilməsi, icma rifahının yüksəldilməsi, innovasiyaların tətbiqi və kənd yerlərinin dayanıqlığının gücləndirilməsi istiqamətində səylərini əks etdirir.
Proqram çərçivəsində “Yerli istehsaldan qlobal bazarlara: Azərbaycanın qida sənayesi üçün imkanlar” mövzusunda panel müzakirəsi də keçirilib. Müzakirədə aqrobiznes sektorunun, AQTA-nın, FAO-nun və ADA Universitetinin Kənd Təsərrüfatı və Qida Elmləri Məktəbinin nümayəndələri iştirak ediblər. Paneldə Azərbaycanın qida sənayesinin gücləndirilməsi, qida təhlükəsizliyinin və keyfiyyətinin yaxşılaşdırılması, eləcə də yerli istehsalçıların daha geniş bazarlara çıxış imkanlarının artırılması məsələləri müzakirə olunub.
Qeyd edək ki, Ümumdünya Qida Günü hər il oktyabrın 16-da FAO-nun 1945-ci ildə təsis olunmasının ildönümündə qeyd edilir. 2026-cı il Ümumdünya Qida Günü FAO-nun təsis edilməsinin 81-ci ildönümünü qeyd etməklə yanaşı, qlobal ərzaq təhlükəsizliyinin gücləndirilməsi, qidalanmanın yaxşılaşdırılması və kənd təsərrüfatının inkişafı naminə uzun illərdir davam edən beynəlxalq əməkdaşlığı vurğulayır. Bu ilin mövzusu elmi nailiyyətlərin, rəqəmsal texnologiyaların və ənənəvi biliklərin aqroərzaq sistemlərinin daha səmərəli, inklüziv və dayanıqlı olmasına necə töhfə verə biləcəyinə diqqət çəkir. Rəqəmsal məsləhət xidmətləri, dəqiq suvarma və erkən xəbərdarlıq sistemləri, eləcə də bazarlar haqqında daha dolğun məlumatlar fermerlərə əsaslandırılmış qərarlar vermək, təbii ehtiyatları qorumaq və yeni çağırışlara uyğunlaşmaq üçün praktiki imkanlar yaradır.
Ümumdünya Qida Günü FAO-nun “Dörd daha yaxşı” prioritetinə uyğun olaraq kənd təsərrüfatı və ərzaq sistemlərinin təkmilləşdirilməsinin, qidalanmanın yaxşılaşdırılmasının, ətraf mühitin qorunmasının və insanların rifahının yüksəldilməsinin vacibliyinə diqqət çəkir.