×
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibə verib.
AZƏRTAC müsahibəni təqdim edir.
REAL Televiziyasından Mirşahin Ağayev: Hər vaxtınız xeyir, cənab Prezident. Sizə bugünkü görüşə görə təkcə müsahibədə iştirak edən həmkarlarımız adından deyil, bütün Azərbaycan mediası adından təşəkkürümüzü bildiririk.
Prezident İlham Əliyev: Sağ olun!
Mirşahin Ağayev: İnanırıq ki, həmişə olduğu kimi, bugünkü görüşdə də səsləndirdiyiniz fikirlər strateji gündəm yaradacaq və Azərbaycan mətbuatına, ictimai mühitə kifayət qədər mövzu verəcək.
2025-ci il masadakı nailiyyətlərinə görə, məncə, illərin 8 Noyabrı adlandırıla bilər və zirvə də yəqin ki, avqust ayında Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona tarixi səfərinizdir və heç şübhəsiz ki, BMT Baş Assambleyasındakı müraciətinizdir. Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında imzalanmış sənədlər, əldə olunmuş razılaşmalar nəinki Azərbaycan, bütöv region üçün əhəmiyyətlidir. Mən bu baxımdan istərdim ki, həm BMT-nin ali tribunasından dünyaya səslənişiniz barədə danışaq, həm də Amerika Birləşmiş Ştatları ilə imzalanmış sənədlər haqqında. Beləliklə, 8 avqustun Ağ Ev və 21 sentyabrın BMT günləri barədə, buyurun.
Prezident İlham Əliyev: Sağ olun. Bizim görüşlərimiz ənənəvi xarakter daşıyır. Hər ilin əvvəlində görüşərək Azərbaycan ictimaiyyətinə sizin vasitənizlə ilin yekunları ilə bağlı həm məlumat verilir, həm də ki, öz fikirlərimi bir də bölüşmək üçün imkan yaranır. Qeyd etdiyiniz kimi, keçən il doğrudan da tarixi il sayıla bilər. Çünki məhz keçən 2025-ci ildə Ermənistan-Azərbaycan müharibəsinə siyasi nöqteyi-nəzərdən son qoyuldu və artıq biz bir neçə aydır ki, sülh şəraitində yaşayırıq. Sülh şəraitində yaşamaq nə deməkdir, bunu öyrənirik. Çünki müstəqillik əldə ediləndən sonra, hətta ondan da əvvəl Azərbaycan xalqı və dövləti müharibə şəraitində yaşamışdır. Müharibənin müxtəlif mərhələləri olub. Siz də bunu yaxşı xatırlayırsınız. Həm müharibənin fəal mərhələsi, atəşkəs mərhələsi, İkinci Qarabağ müharibəsi, antiterror əməliyyatı, ondan sonrakı dövr və bütün bu hadisələrə keçən ilin avqustunda son qoyuldu. Yəni Azərbaycan döyüş meydanında əldə etdiyi parlaq Qələbəyə siyasi müstəvidə və qeyd etdiyim kimi, dünyanın bir nömrəli ofisində siyasi möhür vurdu. Bu, təbii ki, müstəqillik tariximizdə yaddaqalan hadisələrdən biri olacaq, bəlkə də birincilər sırasında olacaq. Bu nöqteyi-nəzərdən keçən ili ölkəmiz üçün, xalqımız üçün çox uğurlu və tarixi il saymaq olar və əminəm ki, bundan sonra Azərbaycan xalqı sülh şəraitində yaşayacaq. Biz artıq cəmi beş ay bu şəraitdə yaşamağımıza baxmayaraq, bunun bəhrəsini görürük - həm siyasi, həm iqtisadi müstəvidə. Cəmiyyətdə mövcud olan xoş əhvali-ruhiyyə, sabitliyə və təhlükəsizliyə olan inamın artması, bütün bu amillər, əlbəttə, bizə imkan verir ki, uğurla irəliyə addımlayaq və ölkə qarşısında duran bütün vəzifələri bundan sonra da həll edək.
Azərbaycan-Amerika münasibətlərinin kontekstində də 2025-ci il tarixi il sayıla bilər. Çünki sirr deyil ki, Azərbaycan dövlət müstəqilliyini qazandıqdan sonra Amerika-Azərbaycan əlaqələrinin üzərində bir qara bulud kimi mənfur 907-ci düzəliş, necə deyərlər, fırlanırdı və Azərbaycan gənc, müstəqil ölkə olmasına baxmayaraq, Amerika kimi dünya miqyasında bir nömrəli dövlətlə lazımi səviyyədə münasibətlər qura bilməmişdi - Amerikadakı anti-Azərbaycan qüvvələrin fəaliyyəti, erməni lobbisinin fəaliyyəti nəticəsində. Azərbaycan tərəfindən belə cəhdlər dəfələrlə göstərilmişdir. Müəyyən mərhələlərdə münasibətlər müsbət istiqamətdə inkişaf edirdi. Ancaq mövcud məhdudiyyətlər, xüsusilə Ermənistan-Azərbaycan müharibəsinin davam etməsi Amerikadakı söz sahiblərinə imkan vermirdi ki, Azərbaycanla genişmiqyaslı münasibətlər qurulsun. Artıq bu məhdudiyyət də yoxdur və bunun təbii ki, iki əsas səbəbi var: birincisi, Ermənistan-Azərbaycan müharibəsinin rəsmən sona çatması, ikincisi, Amerikada Prezident Tramp administrasiyasının hakimiyyətdə olması. Bu administrasiya çox praqmatik, çox peşəkar və Amerikanın milli maraqlarının nə olduğunu çox yaxşı bilən üzvlərdən ibarətdir, Prezident başda olmaq şərti ilə. Təbii ki, Azərbaycan kimi bölgədə güclü potensialı və nüfuz dairəsi olan ölkə ilə əməkdaşlıq Amerika Birləşmiş Ştatları üçün də önəmlidir. Bizim üçün də. Ona görə bu nöqteyi-nəzərdən keçən il də dönüş ili sayıla bilər. Ağ Evdə Prezident Tramp mənim orada iştirakımla keçirilən mərasimdə 907-ci düzəlişə son qoydu, bunu aradan qaldırdı. Halbuki hələ Konqres bunu rəsmən aradan qaldırmalıdır. Amma xüsusilə mənim iştirakımla Prezident tərəfindən atılan bu addım, təbii ki, rəmzi məna daşıyır.
Bundan başqa, Amerika ilə Azərbaycan arasında strateji işçi qrupunun yaradılması sənədi imzalanmışdır. Bu işçi qrupunun əsas fəaliyyəti strateji tərəfdaşlıq xartiyasını hazırlamaqdır və artıq bu istiqamətdə də fəal iş başlamışdır. Təbii ki, uzun illər arzuladığımız Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasındakı coğrafi bağlantının yaradılması da məhz həmin gün reallaşdı. Yəni Zəngəzur dəhlizinin açılması artıq Amerika Prezidenti tərəfindən də təsdiqlənmişdir. Artıq mən də əminəm, Azərbaycan vətəndaşlarında şübhə yoxdur ki, Zəngəzur dəhlizi açılacaq. Onun adı fərqli ola bilər, amma mahiyyət dəyişmir. Beləliklə, bizə Ermənistanla normallaşma prosesi çərçivəsində lazım olan bütün məsələlər istədiyimiz kimi öz həllini tapdı. Əlbəttə, Ermənistanla Azərbaycan arasında paraflanmış sülh sazişinin əhəmiyyəti, imzaladığımız birgə Bəyannamə təbii ki, göz önündədir. Prezident Tramp şahid qismində bu Bəyannaməyə öz imzasını atdı. Bütün bunlar və digər önəmli hadisələr dediyiniz məsələyə bəlkə də daha geniş prizmadan aydınlıq gətirir.
Dediyim, sadaladığım bu məsələlər işlərin xronologiyasıdır. Bu, ictimaiyyətə açıq olan tərəfdir. Amma, eyni zamanda, bu gün çox fəal diplomatik hərəkət var. Azərbaycanla Amerika arasındakı əlaqələr çox praktik və nəticəyə hesablanmış istiqamətdə cərəyan edir. Oktyabr ayından bu yana mənim tərəfimdən Amerikaya nazirlərdən və özəl sektor nümayəndələrindən, digər məsul şəxslərdən ibarət dörd rəsmi heyət ezam edilmişdir. Demək olar ki, əsas istiqamətlər üzrə strateji xartiyanın hazırlanması və qarşılıqlı sərmayə qoyuluşu, onun təşkili və münasibətlərimizin iqtisadiyyat, ticarət, nəqliyyat, hərbi-sənaye istiqamətlərinin əhatə edilməsi məsələləri müzakirə olunur. Yəni ümidlərimiz böyükdür, nəticələr də kifayət qədər təsirlidir. Ona görə bu nöqteyi-nəzərdən 2025-ci ili təbii ki, çox uğurlu və tarixi il saymaq olar.
Azərbaycan Televiziyasından Mümtaz Xəlilzadə: Cənab Prezident, Siz 1992-ci ildə qəbul edilən həmin o ədalətsiz 907-ci düzəliş haqqında danışdınız. Əlbəttə ki, tarixi Amerika səfərinizdən sonra onun növbəti dəfə dondurulması haqqında da qərar qəbul edildi. Mən istərdim, onun birdəfəlik ləğvi perspektivləri haqqında Sizin fikirlərinizi öyrənək. Eyni zamanda, həmin 907-ci düzəlişin yalnız iqtisadi tərəflərini yox, siyasi və strateji tərəflərini də səciyyələndirəsiniz, əhəmiyyəti nöqteyi-nəzərdən.
Prezident İlham Əliyev: Əlbəttə ki, bu düzəliş bizə qarşı tətbiq olunanda bu, çox böyük ədalətsizlik, eyni zamanda, ovaxtkı Azərbaycan rəhbərliyinin buna laqeyd yanaşması idi. O vaxt Azərbaycan hakimiyyəti və onun diplomatiyası hansı səviyyədə idi, yəqin ki, bunu ancaq Mirşahin burada oturanlardan yaxşı bilir. Siz o vaxt çox gənc idiniz, bəlkə də uşaq idiniz. Əlbəttə ki, bu, biabırçı bir mənzərə idi. Azərbaycan diplomatiyasına rəhbərlik edən insanlar heç bir dildə danışa bilmirdilər, hətta Azərbaycan dilində düz-əməlli danışa bilmirdilər və heç bir təcrübəsi olmadan, yəni hansısa diplomatiyaya, siyasətə aid olmayan sahələrdən gətirilərək bu mühüm vəzifələrə təyin olundular. Ovaxtkı AXC-Müsavat hakimiyyəti, ümumiyyətlə, peşəkarlardan ibarət deyildi, əksinə, çox təsadüfi insanlar hakimiyyəti zəbt etmişdilər və faktiki olaraq Azərbaycanı məhvə doğru aparırdılar. Ondan cəmi bir il sonra xalqın tələbi ilə hakimiyyətdən biabırcasına getməyə məcbur oldular. Ona görə bax, bu iki amil önəmli rol oynamışdır. Əgər Azərbaycan o vaxt öz haqq sözünü Amerika rəhbərliyinə çatdıra bilsəydi, əgər mübarizə aparsaydı, onda bəlkə də Konqresdə erməni lobbisi tərəfindən təşkil edilmiş bu məsələyə Amerika administrasiyası başqa prizmadan da baxa bilərdi. Hər halda Konqres müstəqil orqan olsa da, xarici siyasətlə bağlı olan məsələləri bir çox hallarda Prezident Administrasiyası ilə müzakirə edir. Məndə olan məlumata görə, o vaxt Azərbaycanda hakimiyyətdə olanlar heç bilmirdilər ki, gündəlikdə belə bir məsələ var, belə bir qanun qəbul olunacaq və Azərbaycana qarşı bu ədalətsiz düzəliş tətbiq ediləcək.
Məsələnin ikinci tərəfi o idi ki, bizə qarşı böyük ədalətsizlik olmuşdur. Çünki 907-ci düzəliş 1992-ci ilin oktyabrında qəbul edildi. O vaxt bizim torpaqlarımız artıq işğal altında idi, Şuşa, Laçın işğal altında idi. Ermənistan dövləti tərəfindən Xocalı soyqırımı törədilmişdi, xalqımıza qarşı hərbi cinayət törədilmişdi və Azərbaycanın torpaqlarının işğal altında olması, təbii ki, Ermənistanı blokadaya almaq imkanlarını da sıfra endirirdi. Yəni ki, hansı blokadadan söhbət gedə bilərdi?! Nəzərə alsaq ki, Ermənistanın Gürcüstanla, İranla sərhədləri açıq idi, hətta Türkiyə-Ermənistan sərhədi 1993-cü ildə bağlanmışdır. Ona görə hər hansı bir blokadadan söhbət gedə bilməzdi. Ancaq erməni lobbisi və onun əhatə dairəsində olan senator və konqresmenlər belə bir ədalətsiz düzəlişi qəbul etdilər.
Onu da deməliyəm ki, onların bir çoxu artıq həyatda deyil, amma həyatda olanlar arasında çox maraqlı adlar da var. Onları siz tapa bilərsiniz, amma bir ad çəkməklə kifayətlənəcəyəm, o da ovaxtkı keçmiş senator, ondan sonra vitse-prezident, ondan sonra Prezident Co Bayden. Co Bayden 907-ci düzəlişin qəbul edilməsində çox böyük fəallıq göstərmişdir. Təkcə bu fakt kifayətdir ki, hər kəs anlasın, nə üçün bizim, həm Obama-Bayden, həm Bayden-Blinken administrasiyası ilə münasibətlərimiz istənilən səviyyədə deyildi. Obama-Bayden administrasiyası ilə əlaqələr kifayət qədər məsafəli idi, Bayden-Blinken administrasiyası isə bizim əlaqələrimizi faktiki olaraq böhrana salmışdı.