Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə icra olunan, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, BMT-nin Əhali Fondu (UNFPA) və BMT-nin İnkişaf Proqramının (UNDP) birgə həyata keçirdiyi "Əlilliyi olan qadınların və Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin edilməsi" layihəsi çərçivəsində icra olunan media kampaniyasına yekun vurulub.
×

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq siyasəti və demoqrafik inkişaf məsələləri şöbəsinin müdiri Rəşad Dayıyev layihənin önəmindən bəhs edib və həssas qrupların hüquqlarının və rifahının təminatı, onların məşğulluq imkanlarının artırılması sahəsində hökumətin apardığı işlərə dəstək olduğunu deyib. Nazirliyin şöbə müdiri layihə çərçivəsində həyata keçirilmiş media kampaniyasının əhəmiyyətini diqqətə çatdırıb.
BMT Əhali Fondunun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Fərid Babayev deyib ki, ötən 5 ay ərzində media kampaniyasına cəlb olunan 50-dək əlilliyi olan şəxs və media nümayəndəsinə qruplar halında yaradıcılıq və səmt təlimləri təşkil edilib. "Kampaniyanın gedişatında hazırladıqları videoçarxlar və məqalələr vasitəsilə iştirakçılar əlilliyi olan insanlar üçün müyəssərliyin və bərabər imkanların yaradılmasını təşviq edirlər", - deyə F.Babayev qeyd edib.
BMT İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsinin müavini Çaru Bist vurğulayıb ki, media məlumatlılığın artırılması damğalanmaya və dezinformasiyaya qarşı mübarizədə mühüm vasitə ola bilər. Onun sözlərinə görə, medianın cəmiyyətdəki yanlış təsəvvürlərin dəyişdirilməsində və əlilliyi olan insanların cəmiyyətdə layiqincə təmsil edilməsində rolu danılmazdır.
"Education HUB" MMC-nin proqram meneceri Gülnarə İsmayılova əlilliyi olan qadınlara və Qarabağ müharibəsi veteranlarına qarşı ayrı-seçkiliyi və damğalanmanı aradan qaldırmaq üçün media məlumatlandırmasının vacib komponentləri və qazanılan təcrübələr haqqında məlumat verib.
Sonra qalib filmlər nümayiş etdirilib.