×
İyunun 24-də Azərbaycan Hərb Tarixi Muzeyində “Silahlı Qüvvələrimiz – dünən və bu gün” mövzusunda dəyirmi masa keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 103 illiyinə həsr edilmiş tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun, Müdafiə Nazirliyinin idarə və müəssisələrinin, hərbi hissələrinin nümayəndələri, Qarabağ müharibəsi veteranları, Vətən müharibəsi qəhrəmanlarının ailə üzvləri və digər təşkilatların təmsilçiləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olmuş həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dəyirmi masada AMEA-nın Tarix İnstitutunun “Azərbaycan Xalq Cümhuriyyəti tarixi” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Kamran İsmayılovun “Azərbaycan Xalq Cümhuriyyəti ordusunun formalaşmasında xalq kütlələrinin rolu”, Tarix İnstitutunun “Yeni tarix” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun “Azərbaycan Ordusunun Zəfər yürüşü - 44 günlük müharibə”, muzeyin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadənin “Zəfərə gedən yolda Ordu quruculuğu”, Muzeyin tədqiqatçı-baş elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Vahid İsmayılovun “44 günlük müharibə dövründə Azərbaycan diplomatiyası” mövzusunda məruzələri dinlənilib.
Sonra Müdafiə Nazirliyinin Hərbi Təhsil İdarəsinin Elm şöbəsinin müdiri, milli təhlükəsizlik və hərbi elmlər üzrə fəlsəfə doktoru, dosent, polkovnik Arif Həsənov, şəhid ailələrinin üzvləri və digərləri çıxış edərək şəhidlərimiz haqqında məlumat verib, ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışıblar. Bildirilib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı Şanlı Qələbə məhz ölkəmizin dinamik inkişafının və ordumuzun hərbi qüdrətinin nəticəsi olmaqla yanaşı, xalqımızın sarsılmaz qələbə əzmini bütün dünyaya göstərdi.
Çıxışlardan sonra mövzu ətrafında müzakirələr aparılıb.
Dəyirmi masada bir əsrlik tarixə malik Azərbaycan Ordusunun yaradılması və inkişaf tarixinə həsr olunmuş sənədli film nümayiş etdirilib.
Tədbirin bədii hissəsində Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin nəzdində fəaliyyət göstərən orkestrin solistlərinin ifasında hərbi-vətənpərvərlik mövzusunda mahnılar səsləndirilib.