Sentyabrın 29-da Azərbaycan Beyin Mərkəzlərinin I Forumunun yerli və əcnəbi iştirakçıları işğaldan azad olunmuş ərazilərimizə səfər ediblər.
×
Sentyabrın 29-da Azərbaycan Beyin Mərkəzlərinin I Forumunun yerli və əcnəbi iştirakçıları işğaldan azad olunmuş ərazilərimizə səfər ediblər.
AZƏRTAC xəbər verir ki, forum iştirakçıları əvvəlcə Füzuli rayonunun Merdinli kəndində dağıdılmış məscidə baxıblar.
Məlumat verilib ki, Qarabağda erməni vandalizminə məruz qalan yaşayış məntəqələrindən biri də Merdinli kəndidir. Köndələnçayın sahilində, düzənlikdə yerləşən bu kənd 1993-cü ildə ermənilər tərəfindən işğal edilərək dağıdılıb. Kənd Azərbaycan Ordusunun həyata keçirdiyi əks-həmlə əməliyyatları nəticəsində işğaldan azad olunub. Erməni vandalları 27 il ərzində kəndi talayıb, yer üzündən siliblər. Bütün evlər, sosial obyektlər dağıdılıb, təsərrüfatlar məhv edilib. Düşmən kənddəki məsciddən mal-qara tövləsi kimi istifadə etməklə, azərbaycanlılara qarşı öz nifrətlərini nümayiş etdiriblər. Kənd qəbiristanlığı da erməni vandalizminə məruz qalıb - məzarlar dağıdılıb, məzar daşları uçurulub.
Qeyd edək ki, sentyabrın 28-də Bakıda keçirilmiş Azərbaycan Beyin Mərkəzlərinin I Forumunun əsas məqsədi beyin mərkəzlərinin fəaliyyətinin stimullaşdırılması və dövrün tələbələrinə uyğun təşkil edilməsi, dövlət qurumları və beyin mərkəzləri arasında kommunikasiyanın və əməkdaşlığın qurulmasını təmin etməkdir. Forumda yerli və xarici beyin mərkəzlərinin təmsilçiləri ilə yanaşı, müxtəlif dövlət qurumlarının nümayəndələri də iştirak ediblər