İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müvafiq qərarı ilə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na əsasən həkimlərin aylıq vəzifə (tarif) maaşlarına aylıq sabit və işin nəticələrinə görə aylıq həvəsləndirici əlavələr verilir.
×
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müvafiq qərarı ilə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na əsasən həkimlərin aylıq vəzifə (tarif) maaşlarına aylıq sabit və işin nəticələrinə görə aylıq həvəsləndirici əlavələr verilir. Həvəsləndirici əlavələr sayəsində tibb və qeyri-tibb heyətinin əməkhaqları artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova bu gün keçirilən mətbuat konfransında deyib.
A.Əhmədova qeyd edib ki, icbari tibbi sığortanın tətbiqindən əvvəl həkim-ümumi cərrahın aldığı ən aşağı vəzifə maaşı 394 manat, ən yuxarı vəzifə maaşı 440 manat olub. Hazırda isə işin nəticələrinə görə aylıq həvəsləndirici əlavə alan həkimin ən aşağı vəzifə maaşı orta hesabla 534 manat, ən yuxarı vəzifə maaşı orta hesabla 22 min 82 manatdır. Məbləğdən də göründüyü kimi, minimum vəzifə maaşı alan həkimin əməkhaqqı orta hesabla 36 faiz, maksimum vəzifə maaşı alan həkimin əməkhaqqı orta hesabla 50 dəfə artıb. Bundan başqa isə, icbari tibbi sığortanın tətbiqindən əvvəl həkim–oftalmoloqun aldığı ən aşağı vəzifə maaşı 394 manat, ən yuxarı vəzifə maaşı 440 manat olub. Hazırda isə işin nəticələrinə görə aylıq həvəsləndirici əlavə alan həkimin ən aşağı vəzifə maaşı orta hesabla 529 manat, ən yuxarı vəzifə maaşı orta hesabla 12 min 769 manatdır. Məbləğdən də göründüyü kimi, minimum vəzifə maaşı alan həkimin əməkhaqqı orta hesabla 34 faiz, maksimum vəzifə maaşı alan həkimin əməkhaqqı orta hesabla 30 dəfə artıb.