Tullantılar müasir dövrdə ekoloji problemlərin artmasına təsir göstərən amillərdən biri hesab edilir. Hazırda təbii ehtiyatların azalması, xammala olan tələbatın çoxalması tullantıların təkrar istifadəsi zərurətini yaradır.
×
Tullantılar müasir dövrdə ekoloji problemlərin artmasına təsir göstərən amillərdən biri hesab edilir. Hazırda təbii ehtiyatların azalması, xammala olan tələbatın çoxalması tullantıların təkrar istifadəsi zərurətini yaradır. Artıq dünyanın bir çox ölkələrində yaşıl iqtisadiyyat və yaşıl artım hədəfləri müəyyənləşdirilib. Dünyada tullantıların düzgün idarə olunması ilə bağlı bir çox layihələr və yaradıcı yanaşmalar tətbiq etməklə insanların diqqətini ətraf mühitin mühafizəsinə çəkmək geniş yayılmış təcrübələrdəndir.
Yaradıcı insanların toxunuşu ilə lazımsız hesab edilən əşyaların gözəl sənət əsərlərinə çevrilməsi zövq oxşamaqla yanaşı, ətraf mühitə atılan tullantıların həcminin azalmasına səbəb olur.
AZƏRTAC xəbər verir ki, həmin prosesə dəstək vermək məqsədilə ikinci dəfə olaraq "Atma-yarat-sat" sosial layihəsi keçirilib.
“Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin təşkilatçılığı, Sosial Xidmətlər Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti, “İçərişəhər” Tarix-Memarlıq Qoruğu İdarəsi, Azərbaycan Yaradıcı Sənayelər Federasiyası və Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin dəstəyi ilə mayın 21-də keçirilən layihə əsasən Vətən müharibəsində iştirak edərək sağlamlığını itirən və digər kateqoriyadan əlilliyi olan yaradıcı insanları əhatə edib.
“İçərişəhər” Tarix-Memarlıq Qoruğu ərazisində təşkil olunan sərgi-yarmarkada iştirakçıların müxtəlif əl işləri nümayiş olunmaqla satışı həyata keçirilir. Sərgi-yarmarkadan əldə olunacaq vəsait onların sosial vəziyyətinin yaxşılaşdırılmasına və iş imkanlarının genişləndirilməsinə şərait yaradacaq.
Əlilliyi olan insanların cəmiyyətə inteqrasiyası və onların sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət edən və bir sıra dövlət qurumlarının və təşkilatların dəstək verdiyi "Atma-yarat-sat" layihəsinin mütəmadi olaraq keçirilməsi fiziki imkanları məhdud olan insanların məşğulluq imkanlarını genişləndirməklə yanaşı, tullantı hesab edilən əşyaların təkrar istifadəsinə marağı artıracaq.