Son illər Astara rayonunda tikinti və abadlıq işlərinə diqqət artırılıb. Əhalinin mənzil və məişət şəraitinin yaxşılaşdırılması, içməli su təminatı, yol infrastrukturunun yenilənməsi, turizmin inkişafı istiqamətində görülən işlər, həyata keçirilən layihələr sakinlər tərəfindən razılıqla qarşılanır.
×

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Astara şəhərində Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə ayrılan vəsait hesabına təbii fəlakət nəticəsində evləri qəzalı vəziyyətə düşmüş sakinlər üçün inşa edilən 36 mənzilli yaşayış binasının tikintisi başa çatmaq üzrədir.
Astara şəhərindəki park-bulvar kompleksinin ərazisində müasir turizm infrastrukturları - mehmanxana və hotellər, idman-əyləncə mərkəzləri, ictimai iaşə obyektləri inşa edilir.
Rayonda aparılan tikinti və abadlıq işlərinin bir istiqaməti yaşayış binalarının təmirinə yönəldilib.
Şəhərin Səməd Vurğun küçəsindəki 9 beşmərtəbəli, 10 dördmərtəbəli, Məmməd Araz küçəsində 5 birmərtəbəli binaların dam örtüyü, Səməd Vurğun küçəsində 3 beşmərtəbəli, 5 beşmərtəbəli, 7 beşmərtəbəli binaların fasadı yenilənəcək.
Təmir və bərpa işlərinin payız-qış mövsümündə başa çatdırılması nəzərdə tutulub.
Hazırda “AAAF-inşaat” MMC inşaatçıları tərəfindən Astara şəhərindəki park-bulvar kompleksi ilə üzbəüz ərazidə 20 yaşayış binası tikilir. Birtipli layihə əsasında inşa edilən ikimərtəbəli yaşayış binaları 8 otaqdan ibarət olacaq.