Qida Təhlükəsizliyi Agentliyi ilə Rusiyanın müvafiq qurumu – “Rosselxoznadzor” arasında “Pestisidlərdən və aqrokimyəvi maddələrdən təhlükəsiz istifadə sahəsində əməkdaşlıq haqqında” saziş imzalanacaq.
×
Qida Təhlükəsizliyi Agentliyi ilə Rusiyanın müvafiq qurumu – “Rosselxoznadzor” arasında “Pestisidlərdən və aqrokimyəvi maddələrdən təhlükəsiz istifadə sahəsində əməkdaşlıq haqqında” saziş imzalanacaq. Saziş bağlandıqdan sonra tərkibində pestisidlərin, nitratların və ağır metalların qalıq miqdarı Rusiyada qüvvədə olan normalara uyğun gəlməyən meyvə və tərəvəzlərin bu ölkəyə ixracı mümkün olmayacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə agentliyin sədri Qoşqar Təhməzli Rusiyanın “Pestisidlərin və aqrokimyəvi maddələrin təhlükəsiz istifadəsi haqqında” Federal Qanununa edilən dəyişikliklərdən danışarkən belə deyib.
Bildirib ki, dəyişikliklərə əsasən, meyvə-tərəvəz istehsalçıları məhsul yetişdirərkən yalnız qeydiyyatda olan və beynəlxalq səviyyədə tanınan tərkibli pestisidlərdən və aqrokimyəvi maddələrdən istifadə etməlidirlər.
Q.Təhməzli onu da əlavə edib ki, Rusiya qanunvericiliyinə edilən dəyişiklik ilə bağlı 157 pomidor, 86 alma və digər bitkiçilik məhsulları istehsalçılarından istifadə etdikləri pestisidlərə dair məlumatlar toplanaraq Rusiya tərəfinə təqdim edilib.