Ötən il Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) laboratoriya şəraitində təsdiqlənmiş 3 milyondan çox yoluxma halı və həmin xəstəliklərin antimikrob preparatlara qarşı davamlılığı barədə məlumatlar daxil olub.
×
Ötən il Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) laboratoriya şəraitində təsdiqlənmiş 3 milyondan çox yoluxma halı və həmin xəstəliklərin antimikrob preparatlara qarşı davamlılığı barədə məlumatlar daxil olub. Bu, rekord göstəricidir. Bu səbəblər də nəzərə alınaraq ÜST qlobal antimikrob preparatlara davamlılıq üzrə nəzarət sistemi yaradılmasını təmin edib və bu istiqamətdə işləri davam etdirir.
AZƏRTAC xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı Ümumdünya antimikrob preparatlardan düzgün istifadəyə dair maarifləndirmə həftəsinə həsr olunmuş dəyirmi masada deyib.
H.Harmancı bildirib ki, həmin nəzarət sistemi hazırda antimikrob preparatlara qarşı daha geniş nəzarət mexanizmini həyata keçirməyə imkan verir. Sistem nəticəsində antimikrob preparatların istehlakını qlobal səviyyədə ölçmək mümkündür.
H.Harmancı, həmçinin qeyd edib ki, antibiotikləridən individual şəkildə və səhiyyə müəssisələrində istifadəsi problemi yeni növ koronavirus (COVID-19) pandemiyası nəticəsində daha da pisləşib: "Antibiotiklərin COVID-19 infeksiyasını müalicə etməməsinə və qarşısını almamasına baxmayaraq, antibiotiklərdən istifadə pandemiya dövründə daha da artıb. Araşdırmalara əsasən, koronavirus xəstələrinin 75 faizi müalicədə antibiotiklərdən istifadə edirlər".