Bərdəyə "Smerç” tipli raket atılıb. Burada dinc əhali hədəfə alınıb.
AZƏRTAC-ın bölgəyə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Qəzənfər Əhmədov ermənilərin dünən Bərdə şəhərinə endirdiyi raket zərbələri nəticəsində dağılmış ərazilərə diplomatik korpusun nümayəndələri ilə birgə baş çəkən zaman yerli və xarici mətbuata açıqlamasında deyib.
×

O bildirib ki, hər raketin içərisində 72 ədəd bombacıq olur: “Biz iki ədəd raketin qalıqlarını tapmışıq. Bu raketlərin beynəlxalq konvensiyalara görə, dinc əhaliyə qarşı istifadəsi qadağandır. Ermənilər bundan əvvəl də bu tipli raketləri Goranboy və Ağcabədiyə atıb. Düşmən açıq şəkildə dinc əhalini hədəfə alıb”.
Qeyd edək ki, Azərbaycandakı diplomatik korpusun nümayəndələri, səfirlər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri oktyabrın 29-da Bərdəyə səfər ediblər. Səfərin məqsədi diplomatları oktyabrın 27 və 28-də cəbhə zonasından kənarda yerləşən, 100 min əhalisi olan Bərdə şəhərində Ermənistan silahlı qüvvələrinin raket hücumlarının səbəb olduğu cinayət izləri ilə tanış etməkdir.
Oktyabrın 27-də Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonunun Qarayusifli kəndinin müxtəlif istiqamətlərdən kasetli raketlərlə atəşə tutulması nəticəsində aralarında 7 yaşlı uşaq da olmaqla, 5 nəfər mülki şəxs həlak olub, 10-a yaxın dinc sakin yaralanıb. Ondan bir gün sonra - oktyabrın 28-də yenidən düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərində dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalardan istifadə olunmaqla zərbələr endirilməsi nəticəsində aralarında uşaq və qadınlar da olmaqla, 21 dinc sakin həlak olub, 70-ə yaxın mülki şəxs yaralanıb. Şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.