İşğaldan azad edilmiş ərazilərdə müharibə qalıqları və müxtəlif növ partlayıcı qurğularla bağlı bədbəxt hadisələrin qarşısının alınması məqsədilə əhalinin maarifləndirilməsi istiqamətində fəaliyyət davam edir.
×
İşğaldan azad edilmiş ərazilərdə müharibə qalıqları və müxtəlif növ partlayıcı qurğularla bağlı bədbəxt hadisələrin qarşısının alınması məqsədilə əhalinin maarifləndirilməsi istiqamətində fəaliyyət davam edir. İnsanların mina və partlamamış silah-sursatların qurbanlarına çevrilməməsi məqsədilə bu istiqamətdə fəaliyyət genişləndirilir. “Böyük qayıdış” proqramı çərçivəsində ilk sakinlərin yaşayış məntəqələrinə yerləşdirilməsi üzrə başlanan işlər bu fəaliyyəti daha da zəruri edir. Beləliklə, maarifləndirmə işində məlumatların əhaliyə hərtərəfli, dolğun çatdırılması məqsədilə bu prosesə bütün kommunikasiya vasitələrinin cəlb edilməsi vacib məsələlərdən birinə çevrilib.
AZƏRTAC xəbər verir ki, bu fikirlər iyunun 23-də bu mövzuda sosial xarakterli reklamların açıq məkanda yayımının həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi (ADRA) arasında keçirilən Anlaşma Memorandumunun imzalanma mərasimində səsləndirilib.
Mərasimdə Anlaşma Memorandumunu ANAMA-nın idarə heyətinin sədri Vüqar Süleymanov və ADRA-nın İdarə Heyətinin sədri Aydın İbadov imzalayıblar.
Memorandumun məqsədi vizual kommunikasiya vasitələri hesabına partlayıcı qurğuların təhlükəsi ilə bağlı insanların maarifləndirilməsi işini təkmilləşdirmək, mina xəbərdaredici işarələr barədə məlumatlandırmağa davam etmək, habelə insanların şüurunda nizam-intizam və özünə məsuliyyət barədə fikir formalaşdırmaqdır.
İmzalanma mərasimində çıxış edən ANAMA-nın sədri Vüqar Süleymanov bildirib ki, mina və müharibənin partlayıcı qalıqları problemi istər işğaldan azad edilmiş ərazilərdə infrastrukturun bərpasına cəlb olunan işçilərin, istərsə də müharibəyə məruz qalmış rayonların, həmçinin keçmiş təmas xətti boyu ərazilərin sakinlərinin həyat və fəaliyyətinə təhlükə mənbəyidir. Qeyd olunub ki, 2020-ci il noyabrın 10-dan bu il iyunun 23-dək mina partlayışları nəticəsində 225 nəfər minaların qurbanı olub, onlardan 186 nəfər xəsarət alıb, 39 nəfər həlak olub.
ADRA-nın İdarə Heyətinin sədri Aydın İbadov isə qeyd edib ki, işğaldan azad edilən ərazilərdə insanları ehtiyatlı davranmağa səsləyəcək sosial xarakterli reklamlar yalnız bölgələrdə deyil, eləcə də respublikamızın müxtəlif ərazilərində yayımlanacaq. O vurğulayıb ki, “mina terroru” ilə mübarizəyə dəstək vermək hər bir vətəndaşın borcudur. Buna görə də soydaşlarımızın minalanmış ərazilərdə qoyulmuş qaydalara ciddi əməl etməsi mütləqdir. İki qurum arasında təməli qoyulan əməkdaşlıq əhalinin təhlükə barədə məlumatlı olmasına və təhlükəsiz şəraitdə işğaldan azad edilmiş ərazilərdə yaşaması üçün öz töhfəsini verəcək.