×
İyunun 3-də “TEKNOFEST Azərbaycan” festivalında AMEA-nın iştirakının nəticələrinə həsr olunmuş Rəyasət Heyətinin xüsusi iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclası AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov açaraq mayın 26-dan 29-dək Bakının Türkiyə və Azərbaycan dostluğu və qardaşlığının parlaq təzahürü olan “TEKNOFEST Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya Festivalına ev sahibliyi etdiyini xatırladıb, bu mötəbər festivalın ölkəmiz üçün əhəmiyyətindən bəhs edib. Akademik qeyd edib ki, Türkiyə-Azərbaycan dostluq və qardaşlığını bütün dünyaya bir daha nümayiş etdirən mötəbər tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın nitqlərində ifadə olunan dostluq, qardaşlıq və strateji tərəfdaşlıq mesajları bütün türk dünyası üçün yeni bir inkişaf mərhələsinin başlanmasından xəbər verir.
AMEA rəhbərinin sözlərinə görə, elmin və texnologiyaların populyarlaşdırılması, Azərbaycanda aerokosmik texnologiyalar, müdafiə sənayesi və innovativ sahibkarlıq kimi sahələrin geniş təbliğ edilməsi, rəqəmsal bilik və bacarıqlara malik istedadlı gənclərə dəstək göstərilməsi, ölkədə kadr potensialının gücləndirilməsi və milli texnoloji həllərin inkişafı üçün zəmin yaradılması festivalın əsas hədəfləri sırasında olub.
Akademik Arif Həşimov festival çərçivəsində türkiyəli həmkarlarla, Türkiyə Elmlər Akademiyası və TUBİTAK-ın rəhbərliyi ilə bir sıra rəsmi işgüzar görüşlərin keçirildiyini, qarşılıqlı əməkdaşlıqla bağlı mühüm məsələlərin müzakirə edildiyini nəzərə çatdırıb. O, bu görüşlərin Türkiyə ilə Azərbaycan arasında elmi əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi, xüsusən yüksək texnologiyaların inkişafında mühüm rol oynayacağına əminliyini ifadə edib.
Daha sonra AMEA-nın vitse-prezidenti, AMEA-nın “TEKNOFEST Azərbaycan” festivalında iştirakı üzrə İşçi qrupunun sədri akademik Rasim Əliquliyev festivalda akademiyanın iştirakının nəticələri və qarşıda duran vəzifələr haqqında məruzə ilə çıxış edib. Akademik dünyanın ən nüfuzlu elm və texnologiya tədbirlərindən biri hesab olunan “TEKNOFEST ” Aviasiya, Kosmos və Texnologiyalar Festivalının Azərbaycanda keçirilməsini əlamətdar hadisə kimi qiymətləndirib. O, son onilliklər ərzində ölkəmizdə aparılan uğurlu elm siyasəti, İKT sahəsində həyata keçirilən məqsədyönlü tədbirlərin bu kimi mötəbər festivalın ölkəmizdə keçirilməsinə zəmin yaratdığını vurğulayıb. Rasim Əliquliyev respublikada fundamental və tətbiqi tədqiqatların əsas mərkəzi olan AMEA-nın “TEKNOFEST Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya Festivalında tərəfdaş dövlət qurumu statusunda xüsusi pavilyonla iştirak etdiyini bildirib, akademiyanın pavilyonunda bir sıra elmi müəssisə və təşkilatlarda aparılan elmi araşdırmaların nəticəsi olan innovativ texnologiyalar, məhsul və layihələrin nümayiş olunduğunu və maraqla qarşılandığını diqqətə çatdırıb.
Akademik Rasim Əliquliyev bu mötəbər festivalın hazırda dünyada və regionda baş verən yeni sosial-iqtisadi, siyasi, geosiyasi, həmçinin elmi və mədəni proseslər kontekstində ölkədə elmi-innovativ fəaliyyətin təşkili, türk dünyası ilə əməkdaşlıq əlaqələrinin inkişafı, elmin populyarlaşdırılması, texnoloji transfer və s. istiqamətlərdə Azərbaycan elmi qarşısında bir sıra yeni vəzifələr müəyyənləşdirdiyini də qeyd edib.
Tədbirdə AMEA-nın müxtəlif institutlarının rəhbərlərinin çıxışları dinlənilib, sual və təkliflər səsləndirilib.
Sonda AMEA Rəyasət Heyətinin “TEKNOFEST Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya Festivalında AMEA-nın iştirakının nəticələri haqqında qərarı səsləndirilib. Qərara əsasən, AMEA-nın “TEKNOFEST Azərbaycan” 5-ci Aviasiya, Kosmos və Texnologiya Festivalında iştirakı yüksək qiymətləndirilib. Sənəddə, həmçinin 2023-cü ildə Türkiyənin Samsun şəhərində keçiriləcək 6-cı “TEKNOFEST” festivalında AMEA-nın fəal iştirakı və orada elm və texnologiya sahəsində məhsullarının nümayişi ilə bağlı tədbirlər planının hazırlanması, qardaş ölkənin elm və təhsil qurumları ilə elmi əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, birgə elmi araşdırmaların aparılması, qarşılıqlı kadr mübadiləsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi və s. məsələlər əksini tapıb.