×
Ömər Faiq Nemanzadə öz yaradıcılıq missiyasını əsl vətənpərvər məsuliyyəti ilə yerinə yetirib. Azərbaycan xalqının dəyərlərini öz yaradıcılığında təbliğ edib. O, bütün müsəlman Şərqində məşhur olan “Molla Nəsrəddin” satirik jurnalının həmtəsisçisi olmaqla milli jurnalistikanın formalaşmasında və inkişafında mühüm xidmətlər göstərib.
AZƏRTAC xəbər verir ki, bu fikirlər dekabrın 16-da AMEA-da görkəmli publisist, tanınmış maarifçi və ictimai xadim Ömər Faiq Nemanzadənin anadan olmasının 150 illiyinə həsr edilmiş elmi sessiyada səsləndirilib.
Tədbirdə görkəmli ədibin ictimai-siyasi baxışları, geniş maarifləndirici və publisistik fəaliyyəti diqqətə çatdırılıb, onun çoxşaxəli yaradıcılığından parlaq nümunələr gətirib. Ana dilinə sevgini Vətənə məhəbbətin ən vacib şərti sayan geniş erudisiyalı, fədakar qələm sahibinin doğma xalqının mədəni dirçəlişi, istiqlalı və xoşbəxt gələcəyi naminə bilik və bacarığını əsirgəmədən əzmlə mübarizə apardığı vurğulanıb.
Bildirilib ki, Ömər Faiq Nemanzadə XX əsrin əvvəllərində Azərbaycan mətbuatı tarixinə parlaq səhifələr yazıb. O, son dərəcə mürəkkəb şəraitdə onun inkişafına istiqamət verərək keyfiyyətcə yeni mərhələyə yüksəlməsində müstəsna rol oynamış maarifpərvər ziyalılardandır. Çıxış edənlər azərbaycançılıq məfkurəsinin Ömər Faiq Nemanzadənin publisistik irsinin başlıca leytmotivini təşkil etdiyini nəzərə çatdırıblar.
Ədibin nəvəsi Fuad Pepinov böyük şəxsiyyət Ömər Faiq Nemanzadənin şəxsi keyfiyyətlərindən, ictimai fəaliyyətindən danışıb və ona verilən böyük dəyərə görə ailə üzvləri adından minnətdarlığını bildirib.
Daha sonra “Ömər Faiq Nemanzadənin ictimai-siyasi fəaliyyəti”, “Ömər Faiq Nemanzadənin ictimai-siyasi baxışları”, “Ömər Faiq Nemanzadə çağdaş ədəbiyyatşünaslıqda”, “Ömər Faiq Nemanzadə və “Molla Nəsrəddin” ədəbi məktəbi” və “Ömər Faiq Nemanzadə yaradıcılığında dil məsələləri” mövzularında məruzələr dinlənilib.
Tədbirdə “Ömər Faiq Nemanzadə: həyatı və yaradıcılığı. Sənətkarın elmi pasportu-35” adlı kitab təqdim olunub. Kitabda Azərbaycan ədəbi-elmi və ictimai fikrinin görkəmli nümayəndəsi, XX əsrdə xalqın milli dirçəlişi, milli şüurun oyanması və formalaşmasında böyük xidmətləri olan Ömər Faiq Nemanzadənin həyat və fəaliyyəti araşdırılıb, istedadlı publisistin zəngin elmi irsi tədqiqata cəlb olunub.
Qeyd edək ki, elmi sessiya Azərbaycan Prezidenti İlham Əliyevin “Ömər Faiq Nemanzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamına əsasən təşkil edilib